Beş nəfərin prezidentliyə namizədliyi irəli sürülüb

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak edəcək namizədlərin ilkin siyahısı məlum olub.
 
Yeni Azərbaycan Partiyası fevralın 8-də keçirilən qurultayında indiki prezident İlham Əliyevin namizədliyi irəli sürüb.
 
Bundan əlavə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev seçkilərə qatıldıqlarını bildiriblər.
 
"AğPartiya” sədri Tural Abbaslı Meydan TV-yə seçkidə iştirak edəcəyini təsdiqləyib:
 
"Ümumiyyətlə, mən Müsavat Partiyasında olanda da boykotun əleyhinə olmuşam. İndiki məqamda da boykotun heç bir mənası yoxdur. Boykotun məqsədi odur ki, seçilmiş şəxsin xalq və beynəlxalq aləm tərəfindən legitimliyini şübhə altına almaqdır. Ancaq 1998 və 2008-ci illər seçkiləri boykot olunsa da, xalq və beynəlxalq təşkilatlar prezidentin legitimliyini şübhə altına almayıb. Yeni formalaşmış partiya olaraq hər bir seçki bizim üçün platformamızı tanıtmaq və rəqabət baxımından fürsətdir. Ona görə seçkilərə qatılacağıq”.
 
Ümid, Müsavat və Müasir müsavat partiyaları fevralın 10-da, Klassik Xalq Cəbhəsi Partiyası fevralın 12-də seçkidə iştirak edib-etməmək barədə qərarlarını verəcəklər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirdilər ki, yaxın 10 gün ərzində seçkidə iştirak haqda münasibətlərini açıqlayacaqlar.
 
Milli Dirçəliş Hərəkatının sədri, deputat Fərəc Quliyev seçkidə iştirak qərarını qurultayda verdiklərini dedi:
 
"Prinsipcə iştirak edəcəyik, amma bu barədə hərəkatın məclisi rəsmi qərarı gələn həftə verəcək”.
 
Böyük quruluş Partiyasının başqanı Fazil Mustafa ilə əlaqə saxlamaq cəhdimiz baş tutmayıb.
Meydan Tv