"Belə çıxır ki, bu adamlar həmin kitabı "Bandotdel"də yazıblar" - Nardaran işi - Video

İyulun 13-də Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təqsirləndirilən digər 16 şəxsin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Rakurs TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Əmir Bayramov sədrlik edib.

Prosesin əvvəlində Fuad Qəhrəmanlı hakimdən məhkəmə proseslərinin günorta saatlarında deyil, səhər saatlarında keçirilməsini istəyib. O, bunu havaların isti olması, təqsirləndirilən şəxslərin çoxluğu, ifadə vermək üçün yetərli zamanın olmaması ilə əsaslandırılıb. Lakin hakim onun bu istəyini təmin edə bilməyəcəklərini söyləyib.

Daha sonra təqsirləndirilənlərin vəkili Yalçın İmanov vəsatətlə çıxış edib. O, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun şahid qismində dindirilməsini istəyib. İmanov bildirib ki, təqsirləndirilənlərin hər biri "Bandotdel"də Kərim Əlimərdanov tərəfindən işgəncələrə məruz qaldığını deyib. Lakin buna baxmayaraq, şöbə rəisi birinci instansiya məhkəməsində şahid kimi ifadə verməyib. Vəkil həmçinin Nardaran hadisəsində hal şahidi kimi adı keçən İntiqam Kərimovun da məhkəməyə dəvət edilməsini istəyib:

"Hal şahidi kimi ifadə verən İntiqam Kərimov narkotik asılısıdır. Müalicə alır, bundan başqa 23 baxışda iştirak edib. Bu adam digər siyasi iş olan Qiyas İbrahimov və Bayram Məmmədovun işində də ifadə verib. Bu, necə olur?" 

Digər vəkil Zibeydə Sadıqova da hal şahidlərinin dindirilməsini və öldürülən polislərin yaxınlarının məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Bildirək ki, məhkəmə prosesində öldürülən polislərin yaxınları deyil, nümayəndələri iştirak edirdi. Vəkilin sözlərinə görə, öldürülən polislərin yaxınları hüquqi varis sayıldıqları halda, nümayəndələrin məhkəmədə iştirak etməsi düzgün deyil. 

Vəkil Fariz Namazlı vəsatətlə çıxış edərək bildirib ki, məhkəmə işində qanun pozutusuna yol verilib. O, hal şahidi Zamin Məlikovun məhkəməyə çağırılmasını istəyib:

"Fərman Həsənov və Zamin Məlikov hal şahidi kimi ifadə veriblər. Lakin sonradan Zamin Məlikov istintaqda şahid kimi dindirilib. O, guya Tale Bağırzadənin məclislərində iştirak etdiyini, Tale Bağırzadənin irqi-milli ayrı-seçkilik zəminində çıxışlar etdiyini deyib. Qanunvericiliyin tələbinə görə, hal şahidi işdə maraqlı şəxs olmamalıdır. Xahiş edirəm, onun iştirak etdiyi baxış protokolu sübutlar siyahısından çıxarılsın"

Məhkəmə vəkillərinin heç birinin vəsatətini təmin etməyib. 

Daha sonra müdafiə tərəfinin 3 vəkili öz dəlillərini çıxışlarla müdafiə edib. İlk olaraq, Fəxrəddin Mehdiyev çıxış edib. O, Baş Mütəşəkkil Cİnayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən Nardaranda əməliyyat keçirildiyini, daha sonra bu iş üzrə istintaq aparıldığını, təqsirləndirilən şəxslərin saxlanıldığını və işgəncələr gördüyünü hakimin diqqətinə çatdırıb və bunun əldə edilən dəlillərin qüvvədən düşməsi üçün yetərli əsas olduğunu önə çəkib:

"Bu iş üzrə əməliyyatı da, istintaqı da eyni qurum aparıb. Daha sonra təqsirləndirilənlər həmin qurumda saxlanılıb və işgəncəyə məruz qalıb. Bu fakt özü sübut edir ki, bu iş ən başından düzgün aparılmayıb, buradakılar təqsirsizdirlər. Onlardan ifadə də zorla alınıb. Təqsirləndirilənlərdən Fuad Qəhrəmanlı istisna olmaqla digərlərinə 21 maddə üzrə cinayət işi açılıb. Cinayət Məcəlləsində 353 maddə var. Onlardan 100-ü ümumidir. Yerdə qalır 253, bu şəxslərə məcəllədəki maddələrin 10 faizi ilə ittiham irəli sürülüb. Bəs, niyə Tale Bağırzadəyə ömürlük həbs cəzası verilmədi? Bu, özü sübut edir ki, təqsirləndirilənlər günahsızdır. Məhkəmə bu qərarı ilə onların təqsirsizliyini sübut edir

Fəxrəddin Mehdiyevdən sonra Yalçın İmanov çıxış edib:

"Əslində, insanın son nəticəsini əvvəlcədən bildiyi məhkəmədə sırf prosedur xatirinə vəkillik etməsi özünə ağır gəlir. Cinayət materialında göstərilir ki, Fuad Qəhrəmanlı 10 "facebook" statusu yazıb. Bu 10 statusa görə də, ona 10 il iş verilib. Hər statusa görə 1 il. Bu, hüquq tarixində analoqu olmayan hadisədir. Bu, əsl incəsənətdir, estetikadır, harmoniyadır. Cinayət materialında göstərilib ki, Tale Bağırzadə də 1966-ci ildə Rusiyada istehsal olunan TT markalı tapançası olub. Mən həmin zavoda sorğu göndərdim, cavab gəldi ki, o ildə həmin markada tapança istehsal olunmayıb. Cinayət materialında "Tale Bağırzadənin kitabçası" adlı element var. Bu kitabçada Nardaran hadisəsinin necə baş verməsi göstərilir. Bu, necə absurddur? Belə çıxır ki, bu adamlar həmin kitabı "Bandotdel"də yazıblar"

Hakim daha sonra vəkil Cavad Cavadovdan çıxış etməsini istəyib, lakin C. Cavadov prosesə yeni qoşulduğunu bildirərək, hakimdən hazırlaşmaq üçün vaxt istəyib. Bu zaman digər vəkil Nemət Kərimli çıxış edib:

"Ramil Usubov Nardaranda keçirilən əməliyyatdan sonra televiziyada təqsirləndirilənləri cinayətkar adlandırdı və bu əməliyyatı prezidentin əmri ilə həyata keçirdiklərini bildirdi. Halbuki həmin şəxslərin cinayətləri sübuta yetirilməmişdi, bu, açıq-aşkar təqsirsizlik prezumpsiyasının pozulması idi. Cinayət materiallarında göstərilir ki, həyətdə F-1 qumbarası partlayıb. Bu, deyəsən qumbaralarla bağlı ilk belə haldır, həmin qumbaranın cəmi 1 qəlpəsi olub, o da gedib, öldürülən polisə dəyib. Halbuki həmin həyət çox balacadır, o qumbara partlayanda qəlpələr hər yana səpələnir, mümkün deyil ki, başqaları da zərər görməsin. Həm də qumbara partlayışda çuxur əmələ gəlir, amma həmin həyətdə çuxur izi yoxdur. Bu, necə olur?"

Ən sonra təqsirləndirilənlərə söz verilib. Təqsirləndirilən Rasim Cəbrayılov hakimə müraciət edib:

""Bandotdel"də mənə Kərim Əlimərdanovun otağında Elmar Babayev dedi ki, Tale Bağırzadənin öz kitabçasını payladığını, bizə silah verdiyini deyim. Dedim ki, mən elə şey görməmişəm, ifadə verə bilmərəm. Onda məni döyməyə başladılar. Cənab hakim, mən sizdən ümidli deyiləm, mənim ümidim Allahadır, hamımız bir gün onun qarşısında cavab verəcəyik, lakin sizlər bu verdiyiniz qərarlara görə, ona nə cavab verəcəksiz? Bu barədə heç düşünmüsünüzmü? Bizlərin həbsi qeyri-qanunidir, bunu özünüz də yaxşı bilirsiniz. Amma nələrəsə görə, ədalətli hökm vermirsiz"

Bu zaman digər hakim Əflatun Qasımov müdaxilə edərək, R. Cəbrayılova irad bildirib. Bu, təqsirləndirilənlərin narazılığına səbəb olub. Onlar vəsatət qaldıraraq, Əflatun Qasımovun məhkəmə prosesindən uzaqlaşdırılmasını tələb ediblər. Lakin hakim Əmir Bayramov iş saatının bitdiyini bildirərək, prosesin təxirə salındığını elan edib. Təqsirləndirilənlər isə iş saatının hələ bitmədiyini, vəsatətlərinin təmin olunmasını, növbəti prosesdə Ə. Qasımovu görmək istəmədiklərini söyləyib. Buna baxmayaraq, hakim vəsatəti təmin etməyib.

Növbəti proses iyulun 20-ə təyin olunub. 

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. 

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.