BDYPİ ölkənin məlumat bazasını satdı: prezident və nazirlər haqda gizli məlumatlar internetdə - Fotolar

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycandakı avtomobillərin məlumat bazasını sığorta şirkətlərinə satıb.
 
Sfera.az-a daxil olan məlumata görə, BDYPİ-nin IT mühəndisləri ölkədəki avtomobillər haqda toplanmış tam məlumat bazasını sığorta şirkətlərinə qeyri-qanuni olaraq satıblar.
 
Məlumatda bildirilir ki, bu bazanı əldə etmək üçün sığorta şirkətləri BDYPİ-nin IT mühəndislərinə pul veriblər. Xəbərin ilginc tərəfi ondadır ki, bu məlumat bazasında ölkə rəhbərliyinin avtomobilləri haqda da məlumatlar var.
 
Başda prezidentin xidməti avtomobili olmaqla bir çox nazir və nazir müavinlərinin xidməti avtomobillərinin seriya və hətta mühərrik nömrələrini belə BDYPİ tərəfindən sığorta şirkətlərinə satılmış həmin məlumat bazasında tapmaq olar.
Bundan başqa həmin məlumat bazasında digər avtomobil sahiblərinin şəxsi məlumatları, ev, iş və mobil telefonlarının nömrələri, fotoşəkilləri və özləri haqda digər pasport məlumatları var. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, qadağan edilmiş bu addımın BDYPİ-inin əməkdaşları tərəfindən atılması kifayət qədər ciddi bir qalmaqaldır. 
 
Xatırladırıq ki, vətəndaşların şəxsi məlumatlarının qorunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə təmin olunur və məhkəmə qərarı olmadan heç bir vətəndaşın, fiziki və ya hüquqi şəxsin məlumatları heç bir orqan tərəfindən yayıla bilməz. Bu cinayətdir.
 
Qeyd edək ki, bu məlumat bazasını BDYPİ-dən qeyri-qanuni satın alan sığorta şirkətləri sığorta ödənişinə 1 ay qalmış vətəndaşların telefonlarına sutka ərzində zəng edərək onları narahat edirlər. Hər sığorta şirkəti zəng edərək öz xidmətini təklif etməklə vətəndaşları təngə gətirirlər.