BDU tələbəsinin həbsi istənilir: "Cinayət məsuliyyətinə cəlb edin ki, "ağıllansın"" - Video

İyunun 29-da BDU-nun İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Rakurs TV-nin məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən prosesə hakim Azər Tağıyev sədrlik edib. Prosesdə dekan müavini Nigar İsmayılzadə, vəkilləri Kamandar NəsibovSadiq Rəsulov, qarşı tərəfdə isə Zəki Mirağayev və vəkili Elçin Sadıqov iştirak ediblər.

Hakim A. Tağıyev prosesə şahid kimi dəvət olunmuş Məlikova Lalə Seymur qızının teleqram göndərərək, xəstə olduğunu bildirdiyini deyib. O, qeyd edib ki, L.Məlikova 20 may 2017-ci il tarixdə keçirilən məhkəmədə şahid kimi ifadə vermiş sözügedən fakültənin tyutoru Aynur Məmmədovanın onun haqqında verdiyi ifadənin yalan və böhtan olduğunu deyib. Hakim təqsirləndirilən Z.Mirağayevdən digər şahidlərin hansı səbəbdən məhkəməyə gəlmədiklərini soruşub. Z. Mirağayev şahidlərin məhkəmə çağırışı göndərildikdən sonra prosesdə iştirak edə biləcəklərini deyib. Bundan sonra vəkil Elçin Sadıqov şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edib.

Qarşı tərəfin hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov bu gecikmənin istintaqı yubatmaq məqsədi daşıdığını deyib. Dekan müavininin digər vəkili Sadiq Rəsulov bunu süründürməçilik adlandırıb və Nigar ismayılzadənin haqqında heç bir cinayət işinin olmadığını, müvəkkilinin təqsirsizlik prezumpsiyasının pozulduğunu ifadə edib. Vəkil Elçin Sadıqov komissiyanın tərtib etdiyi aktın və BDU-kı rüşvət hallarını əks etdirən videodiskin məhkəməyə təqdim olunması barədə vəsatət qaldırsa da, hakim vəsatəti təmin etməyib. Daha sonra Kamandar Nəsibov çıxış edib:

"Onu cinayət məsuliyyətinə cəlb edin ki, "ağıllansın""

O, Nigar İsmayılzadə ilə bağlı böhtan xarakterli faktların öz təsdiqini tapmadığını qeyd edərək Zəka Mirağayevin CM-nin 147.2 (böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Vəkil Elçin Sadıqov çıxış üçün vaxt istəyib. Hakim A. Tağıyev növbəti məhkəmə prosesinin 7 iyul saat 09:30-da davam edəcəyini elan edib.

XATIRLATMA

N.İsmayılzadə BDU-nin İlahiyyat fakültəsinin dekan müavinidir. Fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayev müsahibəsində dekan müavininin tələbələrdən rüşvət aldığını deyib. Bundan sonra N.İsmayılzadə xüsusi ittiham qaydasında şikayət verərək, məhkəməyə müraciət edib. O, Z.Mirağayevin CM-nin 147.2 (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb edilməsini istəyir