EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
BDU-nun tələbələri bannerə görə təzyiqə məruz qalırlar

BDU-nun tələbələri bannerə görə təzyiqə məruz qalırlar

BDU-nun tələbəsi Rüstəm İsmayılbəyli feysbuk hesabında 24 dekabrda ödənişli təhsilə etiraz əlaməti olaraq asılmış bannerə görə universitet rəhbərliyi tərəfindən təzyiqə məruz qaldıqlarını yazıb. 
 
Onun sözlərinə görə, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli onun qız dostunu otağına çağıraraq banneri asmaqda üçün günahlandırıb.
 
"Siz, Rüstəmlə "Tələbə Tələbi” təşkilatı olaraq bu aktı törətmisiniz, şüarda sizin loqonuz var”, - deyə dekan müavini  bildirib.
 
R.İsmayılbəyli isə söyləyir ki, qrup yoldaşına akta kömək etdiyini söyləyərək təqdimat yazıblar. 
 
Halbuki heç onun da aktdan xəbəri yoxdur. Tələbə: "Sübutunuz nədir”, - deyə soruşanda isə dekan müavini "gözlərim” cavabını verib.
 
R.İsmayılbəylinin sözlərinə görə, tələbə təqdimatı hansı əsasla yazdığını souşduqda dekan müavini ona "onsuz da siyasi bir şey olsa, çoxdan yanmışdınız”, - deyə bildirib. 
 
R.İsmayılbəylinin sözlərinə görə dekan onları tələbələri ayağa qaldırıb, inqilab etməkdə günahlandırıb: "Yəni bir sözlə, aktı mənim, "Tələbə Tələbi”nin törətdiyini iddia edir, amma hansısa səbəbdən mənə toxunmur, sübutu yoxdur. Ona görə də həmin vaxt otağın yaxınlığında gördüyü qrup yoldaşım haqqında təqdimat yazır. Qrup yoldaşımın otağın yaxınlığında olma səbəbi də aktın, onsuz da bizim dərsimiz olan auditoriyada baş tutmasıdır. Tələbə dərsində olmalı deyil ki?”
 
Dekabrın 24-də tələbələr universitetin 2-ci korpusunun pəncərəsindən "pulsuz təhsil" yazılan banner asıblar.  
 
"Pulsuz təhsil" şüarlı aksiya cəmi 5 dəqiqə çəkib və banner universitet rəhbərliyi tərəfindən yığışdırılıb.
 
Universitetin mətbuat katibi Pərvanə İbrahimova məsələ ilə bağlı araşdırma apardıqlarını, əlavə məlumat olsa, açıqlama verəcəklərini söyləyib.
 
2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilən "Avropa İnsan Haqları Konvensiyası”nın 10-cu maddəsində göstərilib ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.
 
 Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.

Facebook