Bayraq Meydanında iş uzanır

Bakının Dövlət Bayrağı Meydanında aparılan texniki baxış hələ davam edir. 2017-ci ilin avqust ayından başlanan əsaslı texniki baxışa görə meydandakı bayraq, daha sonra bayraq dirəyi də çıxarılıb.
 
Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də açılıb. Layihəni ABŞ-ın "Trident Support” şirkəti hazırlayıb, tikintini Azərbaycanın "Azenko” şirkəti aparıb.
 
Ümumi ərazisi 60 hektar olan meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi təqribən 350 kiloqramdır.
 
2010-cu ildə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılıb. 2016-cı ildə həmin qurum Dənizkənarı Bulvar İdarəsinə birləşdirilib.
 
2018-ci il fevralın 20-də Novator.az saytına danışan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəsmisi Nazim Məcidov bəyan edib ki, onlara proseslə bağlı yeni heç bir məlumat verilməyib və texniki baxışın nə zaman bitəcəyi məlum deyil: "Proses uzun çəkir. Hər hansı informasiya olduqda onu özümüz mediaya elan edəcəyik. Siz də vaxtaşırı mövzu ilə bağlı müraciət edə bilərsiniz”.
 
Nazim Məcidov bildirib ki, texniki baxış prosesinə xarici şirkət nümayəndələri ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər dövlət orqanlarının əməkdaşları cəlb edilib.
 
"İşin gedişi ilə bağlı müntəzəm hesabat daxil olurmu və belə hesabat son zaman nə vaxt verilib” sualına cavabında Dənizkənarı Bulvar İdarəsinin rəsmisi əlavə məlumatı olmadığını deyib.
 
Nazim Məcidov 2017-ci ilin noyabr ayında bildirmişdi ki, Dövlət Bayrağı Meydanında aparılan əsaslı texniki baxış təlimata uyğundur: "Hər bir işlək mexanizm müəyyən müddətdən bir yoxlanmalıdır. Bu qurğunun da əsaslı baxışı indiki müddətə təsadüf edib. Dövlət Bayrağı Meydanına ildə bir dəfə texniki baxış keçirilir, əsaslı texniki baxış isə ilk dəfədir reallaşdırılır”.