Bayram Məmmədovun “kars”a salındığı bildirilir

Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazandan sonra həbs olunan gənc fəal Bayram Məmmədovun həbsxanada "kars"a (cərimə kamerası) salındığı bildirilir. Bu haqda NİDA Vətəndaş Hərəkatından məlumat veriblər. Hərəkat həbsxanadan əldə etdiyi məlumata istinad edir.
 
B.Məmmədov 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
 
Hərəkatdan deyiblər ki, B.Məmmədov 30 sutkalığa cəzalandırılıb. B.Məmmədovun cəzalandırılmasının səbəbinin Beyləqandan olan məhbusun döyülərək öldürülməsinə etiraz etməsi olduğu deyilir. B.Məmmədovun həmçinin döyüldüyü bildirilir.
 
B.Məmmədovun ailəsi onun durumu barədə operativ məlumatlara malik deyil. Atası Fərman Məmmədov deyib ki, Bayramla iki gün əvvəl, dekabrın 12-si telefonla əlaqə saxlayıblar. O, valideynlərinə narahatlıq doğuran heç nə deməyib.
 
"Yeni bir xəbər yoxdur. Sonuncu dəfə dekabrın 12-də danışa bilmişik. Sabah telefonla danışıq günüdür, xəbər ala biləcəyik", deyə atası bildirib.
 
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, habelə 13 Saylı Cəzaçəkmə Müəssisəsindən B.Məmmədovun "kars"a salınmasının səbəbələrini öyrənmək mümkün olmayıb.
 
13 saylı Cəzaçəkmə Müəssisəsində bu günlərdə doğrudan da məhbus ölümü olub. Ədliyyə Nazirliyi Penitensiar Xidməti bu xəbəri təsdiqləyib. Ancaq PX dünən açıqlayıb ki, məhkum Fərhad Mürsəlov ürək çatışmazlığından ölüb.
 
Qaradağ rayon prokurorluğundan da 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbusun öldüyünü təsdiqləyiblər. Prokurorluqdan "Turan"a deyiblər ki, ölümlə bağlı araşdırma aparılır. Araşdırmalar davam etdiyindən səbəblər barədə ətraflı məlumat verilməyib.
B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir.
 
Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ttihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazdıqlarına görə həbs olunublar. "Amnesty International" təşkilatı Q.İbrahimov və B.Məmmədovu "vicdan məhbusu" elan edib. Təşkilatın fikrincə, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.
 
Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldıqlarını bəyan edirlər.