Bayram Məmmədov işgəncələrə məruz qaldığını açıqladı - Video

Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə gənc fəal, “heykəl məhbusu” Bayram Məmmədovun Sabunçu rayon Məhkəməsinin 30 mart tarixli qərarından (İnzibati Xətalar Məcəlləsinin 535.1- ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə ittiham olunaraq 30 sutka müddətinə həbs edilib) verilən apellyasiya şikayətinə baxılıb. Prosesdə Bayram Məmmədovun özü (məhkəməyə əli qandallı gətirilib) və vəkili Elçin Sadıqov,media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Bayram Məmmədov məhkəmədə bildirdi ki, Binəqədi təcridxanasında o, iki nəfər tərəfindən döyülüb və burun, qulaq, diz və gicgah nahiyəsində işgəncə izləri var: “Kamerada ayaqlarımı və əllərimi gecədən səhərə qədər bağlı saxlayıblar.

Statuslarıma və müsahibəmə görə xəbərdarlıq etmişdilər. Azadlığa buraxılanda da məni yenidən həbs olunacağımla bağlı hədələmişdilər. Polis bölməsində isə "sənin başın ağrayacaq" deyirdilər”.

İşgəncə verildiyini deyəndə isə hakim gənc fəaldan hansısa qanunu pozub-pozmadığını soruşub. Bayram isə cavabında “Qanunu pozanda adamı döyərlər?” deyə cavab verib.

Qısa sürən müşavirədən sonra hakim Sabunçu rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib.