Bayıl yamacında sürüşmə ilə əlaqədar cinayət işi başlanıb

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb.

Gununsesi.info-nun məlumatına görə, faktla bağlı Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200-250 m cənub-şərqdə yerləşən Bayıl sürüşmə sahəsi bu ilin yanvar ayından aktivləşib. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb. Bayıl sürüşmə sahəsində vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Eyni zamanda, ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.