Bayıl sürüşmə zonasında son vəziyyət

Səbail Rayon İcra Hakimiyyəti Bayıl sürüşmə zonasından əhalinin köçürülməsi və kompensasiya verilməsi ilə bağlı suallara cavab verib.
 
Qafqazinfo-nun verdiyi xəbərə görə, rayon icra başçısının 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirib ki, Bayıl yamacında ötən il fevral ayında baş vermiş sürüşmədən sonra dövlət qurumları bəzi tədbirlər həyata keçiriblər: «İlk növbədə yararsız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib. Sürüşmə zonasında yerli və xarıcı mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb, hazırda bu işlər davam etdirilir».
 
O qeyd edib ki, ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin böyük əksəriyyəti sənədsizdir: «Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb. Bu gün bu ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. Nazirlər Kabinetinin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək».
 
M.Güləhmədov deyib ki, sürüşmə zonasında yaşayanlara kompensasiya verilməsi məsələsində mülahizə yürütmək düzgün deyil: «Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək».
 
Ötən ilin əvvəlində Bayıl yamacında sürüşmə aktivləşib. Orada əvvəlcə sürüşmə nəticəsində 6 ev dağılıb. 100-ə yaxın ailə ərazidən köçürülüb. Həmin ailələrə 11 ay kirayə pulları verildiyi bildirilir. Amma bu ilin əvvəlindən kirayə pullarının ödənilməsi dayandırılıb. Bəzi ailələrin yenidən sürüşmə zonasındakı evlərinə qayıtdıqları da iddia olunur. Onlara kompensasiya veriləcəyi, ərazidəki 27 köçkün ailəsinin isə Qobu qəsəbəsinə köçürüləcəyi bildirilirdi. Köçkün ailələrin isə buna qarşı olduğu deyilir. Verilən məlumata görə, köçkünlər deyib ki, kompensasiya veriləcəksə, hamıya verilməlidir.