"Bayaqdan elə bil teatr izləyirəm" - Nardaran işi 2

İyulun 14-də "Nardaran işi" üzrə təqsirləndirilən Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alışov, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramovun sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, prosesdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Rövşən Cavadov şahid qismində dindirilib. R. Qasımov Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü Vüsal Alışovun saxlanılması barədə sualları cavablandırıb. 

R. Qasımov bildirib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində V. Alışovun evindən silah və partlayıcı maddələr, həmçinin "Tale Bağırzadənin müraciəti" adlı kitabça aşkar olunub:

"Bizə məlumat daxil oldu, biz də Vüsal Alışovun evinə baxışa getdik. Orda özü dedi ki, əl qumbaram var. Yerini göstərdi, dedi ki, yataq otağındadır. Yataq otağının altından qumbara və silah aşkar etdik. Əməliyyatda 3 polis və 2 hal şahidi iştirak etmişdi"

R. Qasımov daha sonra suallara cavabda daxil olan əməliyyat məlumatında "Tale Bağırzadənin müraciəti" adlı kitabça haqqında məlumat olmadığını, lakin sübut olaraq yararlı ola biləcəyini düşündükləri üçün özləri ilə götürdüklərini deyib.

Vəkil Fariz Namazlının "niyə foto və video çəkilişdən istifadə etmədiniz" sualına isə şahid "ehtiyac görmədik, biz əməliyyatların çoxunda çəkilişdən istifadə etmirik", - deyə cavab verib.

Bundan sonra təqsirləndirilən Vüsal Alışov şahidə müraciət edib:

"Danışdıqlarına özün inanırsan? Özü də inanmır dediklərinə. Yazığım gəlir ona, sistemin qurbanıdır. Bayaqdan elə bil teatr izləyirəm. 30 noyabr, saat 12:55-də marketə düşərkən liftin qarşısında gördüm ki, 6 nəfər gözləyir. Ceyhun, Rövşən, Hətəm, Teyyub, Müzəffər və Həmzə. Ceyhun İmamverdiyev qandalı çıxardıb, məni qandalladı, dedilər getdik idarəyə. Mənə dedilər, qalx pencəyini geyin gedək. Mən evin qapısın açanda arxamca evə girdilər. Mən qonaq otağında idim, onlar yataq otağında girdilər. Həmin vaxt mən əsəbi idim. Övladlarımın gözü qabağında qoluma qandal vurdular"

Bu zaman R. Cavadov deyib ki, Vüsal Alışovu idarəyə əli açıq vəziyyətdə aparıblar. 

Növbəti proses iyulun 21-ə təyin olunub. 

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Təqsirləndirilənlər isə günahsız olduqlarını, polislərin digər polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hazırda onların apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilir. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.