"Başının yarısı olmayan meyitin gözünü bağlayanda, qəfildən gözünü açdı" - Video

İyirmi altı ildir Azərbaycan xalqının qan yaddaşında yaşayan Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktını özündə əks etdirən ən dəhşətli hadisədir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular. Ermənilər köməksiz insanları xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirərək, onları diri-diri yandırmış, başlarını kəsmiş, üzlərinin dərisini soymuş, körpə uşaqların gözlərini çıxarmış, süngü ilə hamilə qadınların qarınlarını yararaq meyitləri də təhqir etmişdilər…
Xocalı faciəsindən 26 il ötür... Beynəlxalq ictimaiyyət o dəhşətli günün görüntülərini, erməni vəhşiliyinin nəticələrini qəhrəman, şəhid jurnalistimiz Çingiz Mustafayevin çəkdiyi kadrlar sayəsində görə bildi.
Əlövsət Qasımov bizim adsız qəhrəmanlarımızdandır desək yanılmarıq.
Dağlıq Qarabağ müharibəsi zamanı “General Əli bəy” adı ilə tanınan Əlövsət Qasımov 1960-cı ildə Qərbi Azərbaycanda Vedibasar rayonunun Yengicə kəndində anadan olmuşdur. O 1991-1996-cı illərdə Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin şahididir. Əlövsət Qasımov erəni əsirliyində hesab edilən, itgin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhid məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə təhvil verilib. Eləcə də o erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli, tarixi fotosalnamə yaradıb.