Başçısı həbs edilən Rayon İcra Hakimiyyətindən qəribə açıqlama

Başçısı həbs edilən Rayon İcra Hakimiyyətindən qəribə açıqlama

Sosial şəbəkələrdə İmişli Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirən qəribə açıqlama məsxərəyə qoyulub.

"MediaPost" xəbər verir ki ki, İcra Hakimiyyətinin rəsmi saytının "Xəbərlər" bölməsində İmişli rayon İcra Hakimiyyəti başçısının həbsinə dair məlumatların rayon ərazisində ictimailəşdirilməsi haqqında yazı dərc edilib.

Yazıda bildilir: "Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısının cinayət əməlləri haqqında məlumatlar rayon İcra Hakimiyytətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları tərəfindən on idarə və müəssisənin elektron ünvanına göndərilib, İmişli rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri və on səkkiz çoxmərtəbəli yaşayış binasının sakinləri, İmişli Dəmir Yolu Vağzalının işçiləri ilə görüşlər keçirilib, onlara bu halların dövlətçiliyə və xalqa xəyanət olduğu çatdırılıb".

Rəsmi saytda dərc olunan bu xəbərdən sonra sosial media istifadəçiləri İmişli Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin fəaliyyətini qınayıb.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

 

Facebook