Baş Prokurorluq: Göygöl sakini Kəlbəcərdə minaya düşərək həlak olub

Baş Prokurorluq: Göygöl sakini Kəlbəcərdə minaya düşərək həlak olub

"Ramal Ocaqquluyev kənd-təsərrüfat fəaliyyəti ilə məşğul imiş"

İyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini Ramal Ocaqquluyevin Kəlbəcərdə minaya düşərək həlak olduğu deyilir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Ramal Ocaqquliyevin Kəlbəcər rayonunun "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olan zaman piyada əleyhinə minaya düşüb.

Prokurorluq hadisə yerinə baxış keçirdiyini qeyd edib: "Ramal Ocaqquluyev Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində ölüb".

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanıldığı açıqlanıb.

Rəsmi qurumlar 10 noyabr sazişindən sonra 30 nəfərin minaya düşərək həlak olduğunu, 100-dən çoxunun isə yaralandığı haqda məlumat yayıb.

1992-ci ildən 2021-ci ilədək Qarabağda minaların partlaması nəticəsində 639 nəfər mülki şəxs ölüb, 2 806 nəfər də yaralanıb.

Keçən ilin noyabrın 11-dən bu ilin mayın 31-dək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7449 piyada əleyhinə, 3643 tank əleyhinə mina, 9033 PHS aşkarlanıb.

Bu müddət ərzində ümumilikdə 27635309 kv.m (2763.5 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana verib.

İyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycana təqdim edib.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. 44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Facebook