Baş Prokurorluq Əfqan Muxtarlının saxlanması ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılması barədə açıqlama yayıb

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Gürcüstanda mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlının "yoxa" çıxması barədə ailə üzvləri dünən məlumat yayıb. Daha sonra vəkili Nemət Kərimliyə zəng edən jurnalist Dövlət Sərhəd Xidmətinin saxlanma məntəqəsində olduğunu bildirib. O, Tbilisidə oğurlandığını və Azərbaycan tərəfinə təhvil verildiyini deyib. 

Vəkil Elçin Sadıqov Əfqan Muxtarlıya işgəncə verildiyini, üz və bədən nahiyələrində xəsarətlərin olduğunu qeyd edib.

Əfqan Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.