Baş nazirin istefaya məcbur edildiyi sübut olundu - Foto

Livanın sabiq baş naziri Səad Həriri "Al-Mustaqbal" kanalına açıqlama verib.
 
Xarici mediaya istinadən xəbər verilir ki, Səudiyyə Ərəbistanının paytaxtı Riyada səfəri zamanı istefa verən və bu addımı ilə səs-küyə səbəb olan Həriri müsahibədə "Burada azadam. Sabah istəsəm, istədiyim yerə gedə bilərəm. Lazımi qanuni prosesə start vermək üçün tezliklə Livana qayıdacam. İstefamı özümü qorumaq və ölkəmdə müsbət şok effekti yaratmaq məqsədilə atmışam" desə də, bir çox şəxs onun bu fikirləri məcburi şəkildə səsləndirdiyinə inanıb. Belə ki, studiyada yerləşən televizorda kənar şəxsin əksi düşüb və bu şəxsin Səad Həririyə çıxışı barədə göstəriş verdiyi iddia edilib. Müsahibə zamanı Həririnin gözlərini bir nöqtəyə dikməsi, ona təlimat verən şəxsə gözünü zilləyərək əsəbi şəkildə baxması, tez-tez su içməsi, yorğun və kədərli siması bu iddiaları daha qüvvətləndirib.
 
Qeyd edək ki, baş nazirin istefası dünyada birmənalı qarşılanmayıb və Səudiyyənin onu əsir saxlayaraq istefaya məcbur etməsi fikri tez-tez səsləndirilir. Hətta rəsmi Livan da bu barədə iddia irəli sürmüş, Səudiyyə Ərəbistanını baş naziri əsir saxlamaqda ittiham etmişdi.