Baş məşqçi etiraz edən güləşçiləri ittiham etdi: “Keçmişi unutmayın”

"Azərbaycan güləş üzrə yığma komandalarının üzvlərinin etiraz aksiyası ilə bağlı xəbərlər bizim tərəfimizdən böyük narahatlıqla qarşılandı. Belə bir hadisənin baş verməsinə təəssüf edirəm, çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldır. Üstəlik, əgər söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə".

Rakurs TV-in məlumatına görə, bu fikirləri sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov bildirib.

O, sosial şəbəkədə yazdığı statusda qeyd edib ki, mətbuatda gedən bu xəbərlər mütləq şəkildə ölkə hüdudlarından kənara çıxacaq və Vətənimiz haqda xoşagəlməz söhbətlərin yaranmasına səbəb olacaq: 

“Belə də oldu. Artıq ölkəmizi sevməyən, düşmənlərimizdən maliyyələşən bəzi mətbu qurumlar bu hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə başlayıblar. Qan-tər tökərək dövlətimizin adını ucaltmaq üçün min bir əziyyətə qatlaşan həmin idmançılar bundan sonra etdiklərindən peşmançılıq hissi keçirsələr də, artıq olan oldu. Sonrakı peşmançılıq isə fayda verməz”.

F.Umudov bildirib ki, dövlətin idmana olan diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Güləş Federasiyası ölkəmizin hər zaman ən öndə gedən idman qurumlarından biri kimi özünü doğruldub: 

“Bu vaxta qədər Olimpiya Oyunları, dünya və Avropa çempionatları və birincilikləri, Dünya Kuboklarında əldə olunan uğurlu nəticələr söylədiyim fikirləri sübut edir. Bütün bu uğurlarda isə federasiya prezidenti cənab Fazil Məmmədov və qurumun 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin böyük rolu var. Etiraz edən idmançılar yəqin ki bu şəxslərin hər zaman onların yanında olmalarını, ailə-məişət problemlərinin, ən kiçik çatışmazlıqlarının məhz bu şəxslər tərəfindən həll olunmasını unutmayıblar. 

Üstəlik London və Rio Olimpiya Oyunları, Bakı-2015 ilk Avropa Oyunları və Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə mükafat qazanan idmançıların hər birinə ayrılan mükafat dərhal verilib. Bu səbəbdən gələn ay keçiriləcək dünya çempionatı öncəsi belə bir halın yaşanması olduqca böyük təəssüf doğurur”.

F.Umudovun fikrincə, etiraz etmək vəziyyətdən çıxış yolu deyil, çıxış yolu ortaya çıxan problemlərin birlikdə həll olunmasına çalışmaqdır:

“Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ola bilər ki, müəyyən problemlər ortaya çıxsın, amma gərək yaxın keçmişi də unutmayasan. Biz bütün çətinliklərə dözməli və yeni qələbələr haqqında fikirləşməliyik. İnanıram ki, yaxın gələcəkdə bütün problemər öz həllini tapacaq”.

Qeyd edək ki, ötən gün Azərbaycan güləşçiləri qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər. Tanınmış güləşçi Rəsul Çunayevin də iştirak etdiyi aksiyada idmançılar bildiriblər ki, onlar 15 aydır maaş ala bilmirlər.