Barzani: "Hər bir kürd Kərkük üçün müharibəyə hazırdır"

İslamazeri.com xəbər verir ki, İraq Kürdüstan Regional Rəhbərliyinin Başçısı Məsud Barzani yaxınlaşan müstəqillik referendumu ərəfəsində BBC-nin Farsca Xidmətindən Nəfisə Kohnavardın suallarını cavablandırıb.

25 sentyabrda keçiriləcəyi açıqlanan referendum haqqında "Bu referendumu bu zamana qədər təxirə salmağımız belə bir səhv idi",- deyən Barzani, Türkiyə və İranın öz maraqları səbəbilə sərhədlərini açmayacağına inandığını deyib.

Barzani referendumda iştirak etmək qərarı almasının ardınca bəzi mühüm dövlət və qrupların təhdidlər yönəltdiyi Kərkük üçün döyüşə girib girməyəcəkləri sualına isə belə cavab verib: "Hər hansı bir qrup Kərkükün vəziyyətini güc istifadə edərək dəyişdirməyə çalışacaqsa, hər bir kürdün bunun üçün müharibəyə hazır olduğunu bilsin". Kürdüstan lideri "Referendum baş tutacaqmı?" sualına cavabında isə "Bəli, referendum planlaşdırıldığı kimi 25 sentyabrda baş tutacaq.",- deyib.