Banka borcu ödəyən zaminlər kompensasiya ala biləcəkmi?

''Ola bilsin kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq''

“2014-cü ilin axırı idi. Qardaşım nəvəsinin əməliyyatına pul lazım idi. Atası banklardan birinə müraciət etdi. Mən Bakı qeydiyyatında olduğum üçün zamin durmağa razı oldum. Sonra devalvasiyalar oldu, borcumuz arta-arta getdi” – deyir, Bakı sakini Gülnarə Mehtiyeva.

G.Mehtiyeva bildirir ki, onsuz da xəstə uşağına görə xeyli xərci çıxan qardaşı oğlu zamanla krediti ödəyə bilməyib. O isə könüllü olaraq, onun kreditinin çox hissəsini ödəməyə razı olub:

“Sonradan qardaşım oğlu ailəsi ilə birgə Polşaya köçdü. İndi orada yaşayırlar. Qərar çıxanda sevinirdim ki, devalvasiyalara görə ödədiyim əlavə vəsaiti geri alacağam. Faktiki də kreditin çox hissəsini mən ödəmişəm. İmzamla, sənədlə, sübutla təsdiq edə bilərəm. Di gəl ki, deyirlər, kompensasiya yalnız krediti götürən şəxsə şamil edilir”.

G.Mehtiyeva deyir ki, qardaşı oğlu yaxın bir il ərzində gələ bilməz. Yeni işə düzəlib və bu, mümkün deyil. Kaş ki prezidentin sərəncamında zaminlər üçün də nəsə olaydı, o zaman belə problemlər yaşanmazdı:

“İndi bilmirəm mən ödədiyim artıq məbləği geri alacam, ya yox. Getdim, uzun-uzadı şeylər dedilər. Mənim isə idarələrdə, məhkəmələrdə və s. sürünmək fikrim yoxdur. Pulumu geri qaytarmaq üçün bir o qədər də xərcimin çıxmasını istəmirəm. Pul mənə qaytarılsa da, uzun çəkəcək, bilirəm, süründürməçilik olacaq. Buna görə əsəbimin korlanmasını heç istəmirəm. Kaş bütün bunlar dəqiqliyi ilə düşünüləydi”.

İqtisadçı Vüqar Bayramov da deyir ki, problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdə bir sıra məsələlərin təkmilləşdirilməsinə ehtiyac var. Bunlardan biri də kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizmidir:

“Qaydalara əsasən, kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir. Qərara görəsə, kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zaminin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ var”.

 

Meydan.tv