Bakıya bir metrə yaxın qar yağa bilər - Ekoloq

Hələ aylar öncədən qışda havaların şaxtalı, soyuq keçməsi ilə bağlı proqnozlar verilsə də, hələlik Bakıda bunun şahidi olmamışıq. Qış fəslinə keçidə sayılı günlər qalsa da, kəskin soyuqlarla qarşılaşmamışıq. Hazırda ölkə ərazisində qar yağıntısı, şaxtalar müşahidə olunmayıb. Bir həftənin hava proqnozlarına baxdıqda 10-11 dərəcə isti olduğunu görərik. Qonşu Rusiyada isə hava temperaturu mənfi 10-12 dərəcədir. Bir çox əyalətlərinə isə qar yağıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Umayra Tağıyeva mətbuata açqılamasında son illərin məlumatına görə Bakıda və Abşeron yarımadasında, respublikanın rayonlarında şaxtalı günlərin və gecələrin sayının azaldığını bildirib.

 

Umayra Tağıyeva deyib ki, Avropa ortamüddətli proqnozlar mərkəzinin apardığı nəticələr göstərir ki, bizim regionda bu qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1 dərəcə yuxarı olacaq:

 

“Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq, şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək.

 

Biz baza illər olan 1961-1990-cı illər arasında müqayisə aparırıq. Eyni zamanda, 1991-2017-ci ilin məlumatlarını qiymətləndirmişik. Nəticədə müəyyən olunub ki, Bakı şəhərində yalnız dörd ildə 1964, 1969, 1972 və 1977-ci illərdə havanın orta minimal aylıq temperaturu mənfi 0,4-2,3 dərəcə şaxta təşkil edib.

 

1991-2017-ci illər arasında isə yalnız bir dəfə - 2008-ci ildə orta minimal aylıq temperatur mənfi 1,4 dərəcə şaxta olub. Ümumiyyətlə, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefinə və Xəzər dənizinin yaxın olmasına görə qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil".

 

Ekoloq Telman Zeynalov isə açılamasında bu il qışın sərt keçəcəyini iddia edir: “Son dövrlərdə havaların belə keçməsi şimal küləyindən asılıdır. Düşünürəm ki, hələlik temperatur bu ay üçün normaldır. Hazırda Şamaxıda  qar yağıb. Bu il havalar ötən ilə nisbətdə soyuq keçir. Əgər keçən il oktyabrın sonunda, noyabrın əvvəlində isti geyimlər geyinirdiksə, artıq oktyabrın ortalarından isti geyimlərə keçmişik. Bu il havalar ola bilsin ki, 1972-ci ildəki kimi çox sərt keçsin. Ola bilsin ki, Bakıya bir metrə yaxın qar yağsın. Bir sözlə, bu qış çox sərt keçəcək və ən azı 20-25 santimetr qar yağacaq”.("Yeni Müsavat")