Bakıdakı "Cümə" və "Şəhidlər" məscidi ilə bağlı AÇIQLAMA

Bakıdakı “Şəhidlər” məscidi artıq fəaliyyət göstərir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov milli.az-a bildirib.

Onun sözlərinə görə, məscidə artıq axund və imam da təyin olunub: “Şəhidlər Xiyabanına gələn yerli və xarici ziyarətçilər o məscidə gedib namaz qılıb ibadət edə bilirlər”.

Xatırladaq ki, bir neçə il idi ki, “Şəhidlər” məscidinin fəaliyyəti dayandırılmışdı.

Şöbə müdiri Nərimanov rayonundakı “Cümə” məscidi ilə bağlı məsələyə də aydınlıq gətirib: “DQİDK, Nərimanov Rayon İH və QMİ ilə birgə şəkildə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və DQİDK-ya təqdim olunub. Hazırda o sənədlərə baxılır. İnşallah, orada icma təsis edildikdən sonra həmin məscidə QMİ tərəfindən din xadimi təyin olunacaq. Təyinatdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək”.