Bakıdakı avtobus qəzasında 24 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.

 

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumatına görə, qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, 16 nəfər evə buraxılıb.

 

Yaralılardan 8 nəfəri isə hazırda xəstəxanada müalicə alır.

 

***

 

Bir qədər əvvəl Hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

 

O qeyd edib ki, kommunal xidmət avtomobili  avtobusla toqquşub:

”Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb”.

 

BNA rəsmisi deyib ki, ilkin məlumata görə hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub:

”Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb”.