Bakıda qadının skeleti 2 ildən sonra öz evində tapılıb

Bakıda 2 il əvvəl Dağıstana getdiyi bildirilən qadının skeleti tapılıb.

 

Rakurs.tv-nin məlumatına görə, paytaxtın Binəqədi rayonu 5-ci polis bölməsinin əməkdaşları Ə.Naxçıvani küçəsində yaşayan, 1951-ci il təvəllüdlü Umuyət Abdurəhimovanın üzərində zorakılıq əlamətləri olmayan çürümüş meyitini aşkar ediblər.

 

Hadisə yerinə baxış keçirilib. Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi şöbəsinə göndərilib. 

 

Qonşuluqda yaşayanlar bildiriblər ki, sonuncu dəfə U.Abdurəhimovanı iki il əvvəl görüblər. Onlar mərhumun tez-tez Dağıstana getdiyini deyiblər. Umuyət Abdurəhimova təqaüdə çıxmazdan əvvəl uzun müddət MİS-də süpürgəçi işləyib, Bakıda yaxın qohumlarının olmadığı bildirilir.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.