Bakıda cinayətkarlığın statistikası açıqlanıb

Bu ilin birinci yarısında Bakıda şəxsiyyət əleyhinə yönələn cinayətlər azalıb.
 
2016-cı ilin eyni dövrü ilə müqayisədə azalma 3,4% təşkil edib. Adam öldürməyə cəhd cinayətlərindəki azalma daha çox - 46,2% olub.
 
Bu barədə iyulun 8-də Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
 
Müşavirədə açıqlanan statistik bilgilərə görə, yarım ildə paytaxtda 6.094 cinayət hadisəsi qeydə alınıb. Əvvəlki ildə bu göstərici 6.644 olub.
 
Yarım ildə cinayətlərin 79,9%-nin açılmasının təmin edildiyi bildirilir. Ağır cinayət növlərinin 81%-nin üstü açılıb.
 
Adam öldürməyə cəhd cinayətlərininsə 100%-nin üstünün açıldığı bildirilir.
 
Müşavirədə cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının, o cümlədən "Təhlükəsiz şəhər" xidmətinin rolu xüsusi ifadə edilib.