Bakıda Cəfər Cabbarlının ev muzeyi sökülür, yerində bina tikiləcək – Foto

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov bir müddət əvvəl muzeyin sökülüb yerində yüksəkmərtəbəli binanın tikiləcəyi ilə bağlı açıqlama verib. Rəsminin açıqlamasında bildirilir ki, 1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib. 2012-ci ildə isə C.Cabbarlının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması nəzərə alınmaqla, ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə veriləcəyi ilə bağlı xəbər daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib.

Cəlil Məlikovun açıqlamasında bildirilir: “Baş İdarə, öz növbəsində, ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq verilməsi məcburiyyəti qarşısında qalıb”.

Açıqlamada həmçinin qeyd olunur ki, ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq.

Bütün bunlardan sonra bir məsələ həqiqətən maraq doğurur. Ədəbi mirası Azərbaycanın milli mədəniyyətinə daxil olan və xalq arasında böyük nüfuzu olan Cəfər Cabbarlının ev muzeyi ilə bağlı qərarı niyə tək-tük adamlar verib və niyə bu məsələ geniş ictimaiyyətin müzakirəsinə təqdim edilməyib?

Ev muzeyinin yerində hündürmərtəbəli binanın tikilməsi aydındır ki, kommersiya məqsədləri güdür. Rəsmi açıqlamasında ev muzeyi binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılacaq deyərkən nəyi nəzərdə tutur? Bundan sonra onu dərəcədə ev muzeyi adlandırmaq olar? Bu, ədibin irsinə və onun Azərbaycan xalqı qarşısındakı xidmətlərinə nə dərəcədə uyğun cavabdır?

Cəfər Cabbarlının ev muzeyinin sökülməsi və yerində hündürmərtəbəli binanın tikilməsi işləri Cəfər Cabbarlının 120 illiyinin qeyd olunacağı dövrə təsadüf edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin dekabrında Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir: “ 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir”.

“Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi” sözlərindən və ən yüksək səviyyədə verilmiş qərardan sonra müvafiq qurumların və şəxslərin ev muzeyinin sökülərək, yerində hündürmərtəbəli binanın tikilməsi işlərinə razılıq verməsi nə dərəcədə məntiqə uyğundur?

Bütün bunlardan başqa, Cəfər Cabbarlının ev muzeyinin olduğu bölgə Bakının sürüşmə zonasına daxildir və burada sakinlərin istirahəti üçün kiçik park yerləşir. Ona görə də, bu ərazidə daha bir hündürmərtəbəli binanın tikilməsi təkcə Cəfər Cabbarlının ev muzeyinin sökülməsi məsələsindən ibarət deyil, həmçinin sakinlərin təhlükəsizliyinə və istirahətinə qarşı da aşkar təhdiddir. Yaxşı olardı ki, bu məsələ geniş ictimaiyyətin müzakirəsinə təqdim edilərdi və yerli sakinlərin də fikri öyrənilərdi.

Bakucity.az