Bakıda 16 nəfər dəm qazından, 6 nəfər dərmandan zəhərlənib

Xoşbəxtlikdən dəm qazından zəhərlənənlər arasında dünyasını dəyişən olmayıb

"Dəm qazından zəhərlənmə ilə bağlı 16 müraciət daxil olub, onlardan yeddisi xəstəxanaya yatırılıb. Zəhərlənənlər arasında azyaşlılar da olub". 

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, dəm qazından zəhərlənən iki azyaşlı 4 və 5 yaşlarında olub.

"Xoşbəxtlikdən dəm qazından zəhərlənənlər arasında dünyasını dəyişən olmayıb" – deyə A.Maqsudov əlavə edib.

Baş həkim dərman zəhərlənməsi haqda da danışıb. Onun sözlərinə görə, ötən həftə ərzində dərman zəhərlənməsi ilə bağlı müraciətlər daxil olub: "Bir həftədə 6 nəfər dərman zəhərlənməsi müraciəti ilə daxil olub. Bu dərmanlar soyuqdəymə zamanı qəbul edilən və antidepressant hesab edilən vasitələr olub. Zəhərlənməyə səbəb isə dərmanın dozadan artıq qəbuludur".

"Ötən gün də bir ana 7 uşağı ilə müraciət etmişdi. Anada yüngül dərəcədə dəm qazından zəhərlənmə aşkarlansa da, uşaqlarda bu hal müşahidə edilməyib" - deyə baş həkim əlavə edib.