Bakı sakinləri: Evlər soyuqdur, uşaqlar yataqdan çıxmır

Bakı sakinləri: Evlər soyuqdur, uşaqlar yataqdan çıxmır

“Azəristilik"dən şikayət var

Havaların soyuması ilə paytaxt sakinlərinin istiliklə bağlı problemləri gündəmə gəlib.

Şəhərin müxtəlif istiqamətlərindən olan şikayətçilər bildirirlər ki, normalda noyabrın 15-dən mənzillərə istilik verilməlidir. Amma iki gündür ki, evlər istiliksiz qalıb: “Əvvəllər də bu problemlər müşahidə olunub. Havalar soyuq keçsə də, birtəhər yola verirdik. Bu dəfə də elə oldu. Ancaq ayın 15-i gəldi də, keçdi də istilik verilmədi. Soyuqdur, dözmək olmur”.

Sakinlər problemin “Azəristilik təchizat” ASC-nin başqa müəssisələrə borcu üzündən yarandığını deyirlər: “Ehtimal edirəm ki, problem “Azəristilik” ASC ilə “Azəriqaz” arasındakı borca görədir. Birdəfəlik bu məsələni həll etmək lazımdır. Bilək ki, hər il noyabrın 15-dən evimiz isti olacaq, ya yox. Olmayacaqsa, biz də başımıza çarə qılaq. Başa düşürük ki, ölkə müharibə şəraitindədir, bütün diqqətlər cəbhəyə yönəlib. Amma biz də arxa cəbhənin əsgərləriyik, hər kəs öz üzərinə düşən işin öhdəsindən gəlməyə borcludur”, - Binəqədi rayonu 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsinin sakini Amal Abuşov belə deyir.

3 gün öncə, noyabrın 14-də “Azəristiliktəchizat” ASC açıqlama yayaraq bildirib ki, 2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq etdikləri tədbirlər planına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

“İstilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılır”, - “Azəristiliktəchizat” ASC bildirib.

Məlumatda o da deyilir ki, mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə, 3870 yaşayış binası, o cümlədən, 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.

Amal Abuşov deyir ki, qanunda da yazılıb, açıqlaması da belə verilib ki, noyabrın 15-dən istilik mövsümü başlayır. Artıq noyabrın 17-dir, havalar da yağışlı-soyuq keçir, ancaq istilik yoxdur: “Evlərimiz betondur. Buna görə nəmişlik dərhal hiss olunur. İki azyaşlı uşaq var evdə, onlar da üşüyürlər, səhərlər yataqdan qaldırmaq olmur. Deyirlər ki, ev soyuqdu. Pəncərələrdən də üzüaşağı su axır, plastik pəncərələr tərləyir, çətindir”.

Şikayətçi bildirir ki, iki il bundan əvvəl 100 manatdan çox borc yazıblar. Hamısını qəpiyinədək ödəyib: "Ötən ildən də bir qəpik olsun borcum qalmayıb. Qəbzləri də varBuyursunlar onlar da öz üzərilərinə düşəni etsinlər. Həyətdə ustaları görürəm, deyirlər ki, qazanxana hazırdı, borular yoxlanılıb, qaz verilmir. Qazanxanaya getmişəm, qapsı bağlıdı. Qapıya yazılan nömrələrə də zəng vururam, heç birisi cavab vermir. Azəristilik ASC nin "qaynar xətt"i də cavab vermir. Binəqədi rayon istilik idarəsinin telefonu da daim məşğuldur. Hər il eyni problemi yaşayırıq”.

Amal Abuşov onu da deyir ki, ötən il binanın zirzəmisindən istilik borularını kəsin aparıbmışlar. Sakinlər aralarında pul toplayaraq yeni borular alıb ki, növbəti il problemlə üzləşməsinlər: “Göründüyü kimi yenə problem yaranıb”.

Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsinin sakini, 80 yaşlı Salman Əliyev də istilik verilməməsindən şikayətçidir. Deyir ki, dəfələrlə qazanxanaya gedib, ancaq qapısı bağlıdır, işləmir: “Biz hər il istiliyə nə qədər pul ödəyirik, bəs o pullar hara gedir? Niyə vermirlər istiliyi? Danışanda da deyirlər borc var. Daha bilmirik sakinlərin borcu var, yoxsa qazanxana dövlətə borcludur. Hər iki halda vaxtlı-vaxtında pulunu ödəyən insanlar günahsız yerə istilikdən məhrum olurlar”.

Salman Əliyev deyir ki, onların da evləri betondandır. Havalar soyuyan kimi ev rütubət və dözülməz soyuq olur: “Yaşlı adamlarıq, dözmək olmur. Yerimizdən qalxa bilmirik. Elə indinin özündə 2 yorğanın altında uzanıb televizora baxıram. Yerimdən qalxa bilmirəm, soyuqdur, nə edim?”.

Salman Əliyev dövləti və “Azəristiliktəchizat” ASC-ni onların problemlərinə biganə qalmamağa çağırır.

“Azəristiliktəchizat” ASC-dən isə Meydan TV-yə problemin nədən qaynaqlandığını araşdıracaqlarını bildiriblər.

Facebook