Bakı Nəqliyyat Agentliyi: Tələblərə əməl edilməsə daşıyıcı şirkətlər cəzalandırılacaqlar

Bakı Nəqliyyat Agentliyi: Tələblərə əməl edilməsə daşıyıcı şirkətlər cəzalandırılacaqlar

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə xüsusi krantin rejimi tətbiq edilsə də, hələ də günün bəzi saatlarında marşrut xətlərində sıxlıq nəzərə çarpır. 
 
Bakı Nəqliyyat Agentliyinin rəsmi "Facebook” səhifəsində belə deyilir: "Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Həmçinin daşıyıcılara avtobuslararası intervalın epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir". 
 
Bakı Nəqliyyat Agentliyi rəsmi xəbərdarlığa əməl olunmadığını bildirir. Buna görə də marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinin zəruri olduğunu bəyan edir. 
 
"Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçiriləcək”, - BNA-nın martın 27-də yaydığı məlumatda deyilir. 
 
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev ToplumTV-yə isə deyir ki, onların qarşısında məsul şəxslər sürücülər yox, daşıyıcı şirkətlərdir: "Hər bir marşrut xətti üzrə məsul olan daşıyıcı şirkətlər var və sürücülər də onların əməkdaşıdır. Biz sürücülərə deyil, daşıyıcılara tapşırıq veririk, daşıyıcılar da öz əməkdaşlarına lazimi tapşırıqları verir. Bizim qarşımızda məsul şəxslər daşıyıcı şirkətlərdir. Ona görə biz daşıyıcılara verilən tapşırıqların maximum yerinə yetrilməsini nəzarətdə saxlamalarını tələb etmişik, xüsusi ilə də son günlərdə verilən tapşırıqların”. 
 
Mayis Ağayevin sözlərinə görə qoyulan tələblərə əməl edilmədiyi təqdirdə daşıyıcı şirkətlər cəzalandırılacaqlar, qanunvericilik çərçivəsində ən sərt formada tədbirlər görüləcək. 
 
BNA rəsmisi sərnişinlərin də karantin qaydalarına əməl etmədiyini bildirir: "Təəssüflər olsun ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək zərurət olmadan belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır”. 
 
Mais Ağayev bir daha vətəndaşlardan xahiş edir ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər.
 
Martın 24-dən Azərbaycanda koronavirusla mübarizə məqsədilə xüsusi karantin elan edilib. Bu müddətdə yaşı 65-dən yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub. 
 
Bundan başqa sərnişinlərə metropolitendən yox, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə edilib. Bu məqsədlə xüsusi marşrutlar müəyyənləşdirilib.

Facebook