Bakı metrosunun daha hansı stansiyaları təmirə bağlanacaq?

Artıq bir neçə aydır ki, “Bakı Metropoliteni”nin bir neçə stansiyası təmir olunub. Hazırda da bu proses davam edir. İnfrastrukturuna görə ən mürəkkəb stansiyalardan biri - “Nizami” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir. Bir neçə gündür təmirə bağlanan metronun “Sahil” stansiyasında bu prosesin uzun çəkməsi memarlar, o cümlədən də, sərnişinlərdə narahatlıq yaradıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, narahatlığa heç bir əsas yoxdur.

Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq.

"Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək. Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. 

Bəs, növbədə hansı stansiyalar var?

N.Paşayev bildirib ki, hələlik bununla bağlı heç bir rəsmi məlumat, təsdiqlənmiş layihə yoxdur. Digər stansiyalarda təmir işlərinə ilin sonunadək start verilib- verilməyəcəyi hələlik bəlli deyil.