Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub

Məlumdur ki, REAL Hərəkatı oktyabrın 29-da da təşkilatın partiyaya çevrilməsi üçün  I təsis qurultayını keçirəcək və  yer ayrılmasından ötrü əlaqədar qurumlara da müraciət edib. 

REAL  Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə 3 məkan təklif edib. Təşəbbüs qrupunun müraciətində dövlət qurumlarından xahiş edilir ki, 3 məkandan biri – Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, Təbriz Kinoteatrı və ya Bakı Kinoteatrı qurultaydan ötrü bir günlüyə hərəkatın istifadəsinə ayrılsın.

Modern.az saytı məsələ ilə bağlı yenidən REAL-ın icraçı katibi Natiq Cəfərliyə müraciət edib.O bildirib ki, qeyd edilən müddət başa çatsa da, REAL-ın müraciətinə hələ də rəsmi cavab verilməyib:

“Müraciətimizə hələki rəsmi cavab verilməyib. Ümumiyyətlə belə bir müraciətin olmadığı deyilir. Yerlə bağlı problem həll olunmadığına görə dəvətnamələri də yaza bilmirik. Hələ ki məkanla bağlı dəqiqləşmənin olmasını gözləyirik. Yaxın günlərdə bununla əlaqədar rəsmi cavab alacağımızı düşünürük. Tez-tez müraciət də edirik”.

Azərbaycanın siyasi mühitində yeni partiyanın yaradılması önəmli hadisədir. Bu baxımdan maraqlıdır, REAL hansı yeni yanaşmalar ortaya qoya biləcək?

N.Cəfərli  bundan da söz açıb:

“Əslində strukturlaşmadan başqa istiqamət, ideoloji olaraq ciddi bir dəyişiklik olmayacaq. Sadəcə partiya daha çox strukturlaşmış, ciddi təşkilatlanmaya söykənən bir qurumdur. 

Əsas hədəf də təşkilatın aşağıdan yuxarıya tam qurulmasına yönəlmiş bir addım atmaqdır. Amma bu günə qədər apardığımız siyasi xətt davam edəcək. Ölkənin aparıcı siyasi partiyalarından birinə, zamanla birincisinə çevrilməyi qarşımıza məqsəd kimi qoymuşuq”.