Bakı kəndlərində əhali suyu pulla alır

Layihə çərçivəsində bəzi kəndlərə daimi su verilməlidir

Bakıətrafı ərazilərin su təchizatında problemlər hələ də qalmaqdadır. Paytaxtın kəndlərində əhali daimi deyil, qrafiklə belə verilən suyun həsrətindədir. Güzdək, Mehdiabad, Binə, Zığ, Hövsan, Binəqədi kəndi ərazilərində insanlar sudan istifadədə olmazın çətinliklər yaşayır. Sosial vəziyyəti günbəgün çətinləşən əhali qrupu suyu maşınlarla gətirtməyə məcburdur. Onların dediyinə görə bir çən suyu 20 manata alırlar. Bu məbləğ onların aylıq büdcəsinə ziyan vurur, aldıqları su isə məişət problemlərinə bəs eləmir.
Məsələylə bağlı “Azərsu”” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki, 16 avqust 2017-ci il tarixli prezident sərəncamıyla hazırda paytaxt ərazilərinin su təminatı işi həyata keçirilir. Qurum sözçüsü deyir ki, Bakıətrafı kəndlərin əksəriyyəti fasiləsiz su ilə təmin olunub. Lakin bəzi ərazilər var ki, orda suyu hələ də maşınlarla alırlar:

“Digahda, Nardaranda, Sulutəpədə, Hökməlidə su problemi həll olunmayıb. İnsanlar suyu maşınlarla gətirdir. Paytaxt ətrafında su problemini həll etdiyimiz layihələr hazırda mərhələli səkildə reallaşdırılır. Əhalinin fasiləsiz suyla təminatı, sözügedən xəttlər olmayan ərazilərə su çəkilməsi üçün bu layihələr davam etdiriləcək”.

azadlıq.info