Bakı daha bir yarışa ev sahibliyi edəcək

Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışın ev sahibi açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından  verilən məlumata görə, bu mötəbər turnir Bakıya həvalə edilib.

Yarış gələn il iyunun 22-23-də olacaq. Paytaxtımızda ilk dəfə təşkil olunacaq turnirdə oğlan və qız idman gimnastları arasında ən güclülər müəyyənləşəcək. Yarış Milli Gimnastika Arenasında baş tutacaq. Yeniyetmələrin Yay Olimpiya Oyunları isə 2018-ci il oktyabrın 6-12-də Buenos-Ayresdə olacaq.

Qeyd edək ki, gələn il aprelin 12-15-də Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı da təşkil olunacaq.

Bu çempionat çərçivəsində keçiriləcək təsnifat xarakterli yarışlarda isə Buenos-Ayresə yollanacaq yeniyetmə batutçular, həmçinin 2019-cu ilin Avropa Oyunlarında (Belarus) iştirak edəcək batutçuların adları dəqiqləşəcək.