EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Bakı apteklərində maska və spirt hələ də qıtdır, amma hərdən tapılır

Bakı apteklərində maska və spirt hələ də qıtdır, amma hərdən tapılır

Dünyanı sarsıdan ölümcül koronavirus epidemiyasının yayılması ilə bağlı xəbərlər Azərbaycanda da  ötən aydan bəri tibbi maska və spirtin yoxa çıxmasına səbəb olmuşdu. Bu gigeyena vasitələri qıtlaşdığından, adi vaxtda bir ədədi 10 qəpik olan qoruyucu maskanın qiyməti bir neçə həftə əvvəl 10-15 dəfə yüksək- 1-1,5 manata satılırdı. Apteklərdə gündə yüzlərlə müştərinin “maska var?”, “spirt var?” suallarından bezən əczaçılar girişə “maska və spirt yoxdur” yazılan lövhələr asırdılar.

Maska böhranının dərinləşməsinə əvvəlcə Nazirlər Kabineti, sonra isə prezident səviyyəsində reaksiya gəldi. Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə ölkədə maska çatışmazlığından xəbərdar olduğunu bildirdi: "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər".

Dövlət başçısı qeyd etdi ki, bütün hüquq-mühafizə orqanlarına belə hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirlərinin tətbiq edilməsilə bağlı tapşırıq verilib.

Və bu tapşırıqdan cəmi bir gün sonra Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək, bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satmaq istəyən, həmçinin qaçaqmalçılıq yolu ilə ölkədən kənara çıxarmağa çalışan şəxslərə qarşı əməliyyat keçirilib. Nəticədə iranlı və çinli şəxslərdən cəmi 1 milyon 50 min maska aşkar edilərək götürüldü.

Bəs hazırda apteklərdə vəziyyət necədir? Maska qıtlığı aradan qalxıbmı? Araşdırma zamanı məlum olub ki, Bakı apteklərində artıq əvvəlki maska böhranı müşahidə olunmasa da, qıtlıq hələ də davam edir. Bəzi apteklər limitlə də olsa, maska satırlar. Lakin maska və spirtin qiymətində əvvəlki kimi artım müşahidə olunmur.

“Azərmed” şirkətinə məxsus “Zəfəran” apteklərində maska və spirt yoxdur. “İnam” aptekdə də hazırda maska və spirt satılmadığını dedilər. Aptekdən bildirdilər ki, maska hər gün az miqdarda gətirilir, lakin gətirilən kimi bitir. Amma qiymət qalxmayıb, əvvəlki kimi 20 qəpikdən satılır

“Həyat” aptekində isə maskanın çoxdandır ki, tapılmadığını, nə vaxt gətiriləcəyinin  bilinmədiyini dedilər. Amma maskadan fərqli olaraq satışda 55 qəpiyə təklif olunan spirt var idi. “Avis” aptekdə də nə maska, nə də spirt tapa bildik.  

“Loğman” aptekdə isə həm spirt, həm də maskanın satıldığını dedilər. Spirt 55 qəpik, maskanın bir ədədi isə 25 qəpikdir.

Məhəmməd Hadi küçəsində yerləşən apteklərdən birinin satıcısı aptekə hər gün bir qutu maska verildiyini dedi. İşçilərə spirti hər müştəriyə bir ədəddən artıq və maskanı 2 ədəddən artıq satmamaq tələbi qoyulub.

Mir Cəlal küçəsində yerləşən aptekin satıcısı isə artıq əhali arasında əvvəlki kimi maska ajiotajının olmadığını deyib: “Əvvəl aptekə daxil olan hər iki nəfərdən biri maska və spirt soruşurdusa, artıq əvvəlki kimi tələbat yoxdur. Hətta bir neçə gün ümumiyyətlə maska soruşan olmadı, məcbur qalıb şüşəyə “maska var” lövhəsini yazıb asdıq. Amma hər adama 5 ədəddən artıq maska satmırıq”.

Satıcılar hazırda Azərbaycana tibbi maskaların yalnız Türkiyədən idxal olunduğunu deyirlər. Onların sözlərinə görə, adi maska ilə yanaşı satışda xüsusi filterli 3,5-4 manatlıq maskalar da var.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi Azərbaycana  tibbi maskalar xarici ölkələrdən idxal olunduğunu və buna görə bu ölkələrdə qiymət artımının Azərbaycanda da həmin ləvazimatların pərakəndə satış qiymətinə təsir etdiyini açıqlayıb. Bildirilir ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

DİN-in mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, ölkədən çıxarılmasının qarşısının alındığı həmin maskaların yararlı olub-olmadığını müəyyənləşdirmək üçün ekspertizaya göndərilib. Bundan sonra maskalarla bağlı qərar qəbul ediləcək.

Facebook