EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Aztəminatlı ailələrə kömək etməsək sıfırın altına düşəcəyik

Aztəminatlı ailələrə kömək etməsək sıfırın altına düşəcəyik

Azərbaycanda artıq əhali artımında ciddi problem mövcuddur. Yəni uşaq doğumunda problem var. Operativ.tv-nin məlumatına görə, bu barədə Milli Məclisin deputatı Fəzail Ağamalı Oxu.az-a müsahibəsində bəyan edib. O bəyan edib ki, bu, ciddi və düşündürücü bir məsələdir: «Bu məsələ demoqrafik təhlükəsizliyimizə əngəl yaradır. Burada ciddi azalma tendensiyası özünün bütün əlamətlərini, elementlərini göstərməkdədir. Milli Məclisdə statistik rəqəmlər dilə gətirildi və bəlli oldu ki, 2011-2017-ci illərdə, hətta 2018-ci ilin ilk doqquz ayında hardasa 40-50 min civarında azalma var».

 

Deputat ailə institutlarının artıq əvvəlki ənənələrə söykənmədiyini, kifayət qədər aşındığını deyərək bunu böyük problem adlandırıb: «Mən çıxışımda da dilə gətirdim ki, imkanlı ailələr iki uşaqdan artıq övlad dünyaya gətirmirlər. Baxmayaraq ki, imkanları var, pulları var, ancaq iki uşaqdan çox uşaq istəmirlər. Ancaq əhali artımında həlledici rolu - araşdırmalar da bunu göstərir - aztəminatlı və bir də orta təminatlı ailələr oynayır. Əgər bunlara yardım, maddi dəstək yoxdursa, artıq bu artım da kəsiləcək, onlar da bir uşaqla kifayətlənəcək və biz də bu gedişlə gəlib artıq sıfırın altına düşəcəyik. Ona görə də burada həyəcan təbili vurulmalıdır, necə ki, biz həyəcan təbilinin ilkin səslərini, həyəcanların önə çəkdik». 

 

«Həmçinin, kütləvi informasiya vasitələri bununla bağlı araşdırmalarını, təhlillərini aparmalıdır, yazılarını verməlidir, bu məsələ ictimailləşdirilməlidir, və biz hökmən çalışmalıyıq ki, həm doğulan uşağa birdəfəlik yardımın miqdarı artırılsın, hardasa minimum 200 manat olsun və bir də hər bir uşağa 12 yaşına qədər aylıq müavinət verilsin. Mənə elə gəlir ki, bununla bir az vəziyyəti tənzimləyə bilərik»- deyə o bildirib.

 

Fəzail Ağamalının sözlərinə görə ailələr hökmən həvəsləndirilməli, onların problemlərinin, xüsusilə uşaqla, övladla bağlı problemlərinin həllində onlara yardımçı olmağın vacibliyini vurğulayıb.

 

«Azərbaycan xalqı nəsil verən xalqdır. Biz genetika baxımından nəsil verən xalqıq. Yəni bir çox xalqlar kimi qocalan, qocalığa meyilli xalq deyilik. Ona görə xalqın bu ənənəsinə söykənərək, onu stimullaşdırmalıyıq», - deyə millət vəkili bildirib.

 

 

 

Facebook