Azərbaycanlılar Ermənistan səfirliyi önündə aksiya keçirdi

Bir qrup azərbaycanlı gənc Ermənistanın Tiflisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, əllərində Azərbaycan bayrağını, “Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq”, “Əsirlərimizə azadlıq”, “Torpaqlarımıza azadlıq”, “Ermənistan işğalçıdır”, “Sarkisyan terrorçudur” yazılmış plakatları tutmuş aksiya iştirakçıları Ermənistanda qanunsuz olaraq həbsdə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını, Ermənistandan işğalçılıq siyasətinə son qoymağı, işğal altında olan torpaqlarımızdan geri çəkilməyi tələb ediblər.

Aksiyanın əsas təşkilatçılarından biri, Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov deyib ki, əsas məqsəd işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsinə, qanunsuz həbsdə olan soydaşlarımızın azadlığa buraxılmasına nail olmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməkdir. Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq, başqa şəhərlərdə də təşkil ediləcək.

Ermənistanda həbsdə olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, atasının səhhətində problemlər yaranıb. Lakin Ermənistan rəhbərliyi bunu nəzərə almır. “Biz beynəlxalq təşkilatlara müraciət etmişik. Biz atamın, Şahbaz Quliyevin və Ermənistanda həbsdə, girovluqda olan digər azərbaycanlıların azad olunması tələbi ilə aksiyaları davam etdirəcəyik”, - deyə o vurğulayıb.

Aksiya dinc şəraitdə keçib.

Tiflisinin Marcanaşvili metro stansiyasının qarşısından başlayan aksiya Ermənistan səfirliyinin binasının qarşısında başa çatıb.