Azərbaycanlılar Almaniyada necə yaşayır?

Azərbaycanlılar Almaniyada necə yaşayır?

Ötən həftə Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb, bundan sonra isə 61 azərbaycanlı ölkədən deportasiya olunub.

 

Bu, son bir neçə ildir ki, azərbaycanlıların Almaniyada saxta sənədlərlə sığınacaq alması və siyasətçilərin bunda əsas vasitə olması barədə yayılan iddialardan sonra baş verir.

 

Saxlanılan şübhəlilərdən ikisi həbs olunub və onlardan biri Əlövsət Əliyevdir.

 

İddialara görə, onlar xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

 

BBC Azərbaycan xidməti azərbaycanlılar Almaniyaya niyə gedir və orada necə yaşayırlar? Bu barədə Almaniyada yaşayan həmyerlilərimizlə danışıb:

 

Almaniyanın Essen şəhərində yaşayan Yafəz Həsənov deyir ki, son bir ildə bu ölkədə siyasi sığınacaq almaq üçün müraciət edən azərbaycanlıların demək olar ki, hamısına imtina cavabı verilib. Buna səbəb isə Almaniya hökumətinin azərbaycanlıların təqdim etdiyi sənəd və sübutlara inamının olmamasıdır.

"Almaniyada artıq partiya arayışlarından beziblər. Deyirlər ki, biz bu sənəddə deyilənlərə inanmırıq. Tanıdığım bir neçə nəfər var ki, həqiqətən Azərbaycanda siyasi təzyiqlə üzləşiblər, amma eyni cür sənədləri təqdim ediblər deyə cavab gəlib ki, biz arayışda yazılanlara inanmadıq və buna görə də müraciətinizə rədd cavabı verilir. Məhkəmə cavablarından birində yazılmışdı ki, bu sənədi Azərbaycanda partiya funksionerlərindən almaq çox asandır. Bir o qalıb yazsın ki, sənədi pulla almısan".

Müsavat Partiyasının üzvü olduğunu deyən Yafəz Həsənov söyləyir ki, partiyanın adının saxta arayışlarda hallanması ilə bağlı partiya rəhbərliyinə müraciət etsə də, bir cavab ala bilməyib.

"Təəssüf ki, son olaylar da göstərdi ki, bu dedi-qodular həqiqətdir. Yayılan sənədlərdə deyilir ki, Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri və sədr müavini saxta yollarla Azərbaycandan Almaniyaya adam göndərib. Polis sənədində qeyd olunur ki, onlar 7 paket saxta sənəd göndərib və bundan 300 min avro pul qazanıblar. AKM 2016-cı ildə yaranandan sonra 6 ay ərzində 200 nəfərə arayış vermişdilər. Partiya rəhbərliyinə dedim ki, bu adamlar haqda hesabat verilsin. Mənə deyildi ki, bu siyahını aça bilmərik, o adamların həyatına təhlükə ola bilər".

Müsavat Partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya deyib ki, Almaniyada "miqrant qaçaqmalçılığı" ilə bağlı saxlananlar sırasında Müsavatın Avropa Koordinasiya Mərkəzinin rəhbər şəxslərinin də adları hallanır, amma bu məlumatlar "həqiqəti əks etdirmir".

Arif Hacılı deyir ki, onlar da Müsavat partiyasının adının bu məsələdə hallanması ilə bağlı araşdırma aparırlar.

 

Yafəz Həsənovun sözlərinə görə, Almaniyada Suriya kimi müharibə ölkələrindən gələnlərdən sübutlar tələb olunmur və sığınacaqla təmin edilirlər, müharibə olmayan ölkələrdən gələnlər isə mütləq faktlarla sübut etməlidir ki, siyasi mövqesinə görə təqib olunduqlarına görə bu ölkəyə qaçıblar.

Cənab Həsənov deyir ki, Almaniya hökuməti beynəlxalq qanunlara görə, qaçqın haqda nə onun gəldiyi ölkəyə, nə də səfirliyinə rəsmi sorğu göndərə bilir, ancaq ölkəsinin Azərbaycandakı səfirliyinə məsələni araşdırma tapşırığı verə bilir.

"İnsanları aldadıb gətirirlər"

"Almaniyaya köçən azərbaycanlılara elə firəvan həyat vəd edirlər ki, onların çoxu Azərbaycandakı evini satıb gedir", Yafəz Həsənov deyir.

"Adamlara deyirlər ki, bu sənədləri verən kimi sənə sığınacaq verəcəklər, o da hesablayır ki, gedəcəm, yaxşı həyat olacaq. İnsanları bu cür aldadıb Almaniyaya gətirirlər. Deyirlər sizə ev verəcəklər, pul verəcəklər, kefdir də. Əslində isə gələnləri müxtəlif ölkələrdən olan miqrantların yaşadığı yataqxanada yerləşdirirlər. Bu yataqxananın mətbəxi və hamamı ümumi olur, rahatlığı olmur, biri orada qışqırır, biri burada. Burada ölkədə daimi yaşamaq icazəsi verilməsini 5 il gözləyənlər də var. Hər gecə gözləyirlər ki, gəlib onları deport edəcəklər. Aralarında qorxudan infarkt keçirənlər də olur".

Cənab Həsənov deyir ki, azərbaycanlıların hansı şəhərdə daha çox məskunlaşdığını demək mümkün deyil, çünki sığınacaq alan insanın qalacağı şəhəri özü yox, ölkənin miqrasiya idarəsi seçir. Əgər kiminsə mühacirlik statusu təsdiq olunarsa, ancaq iş tapdıqdan sonra onun üçün müəyyənləşən şəhərdən başqa regiona köçmək olar.

O bildirir ki, azərbaycanlılar Almaniyaya daha çox Macarıstan, Çexiya, Polşa kimi ölkələrdən, bəzi hallarda isə saxta pasport və vizalarla daxil olurlar.

Azərbaycana gedib-gəldiyi sübut olunarsa...

Yafəz Həsənov deyir ki, indiyədək kiminsə daimi yaşamaq icazəsinin ləğv olunmasının şahidi olmayıb, amma bu mümkündür.

"Əgər siyasi sığınacaq alan azərbaycanlının ölkəsinə gedib-gəldiyi və ya Azərbaycanın Almaniyadakı səfirliyinə girib-çıxdığı sübut olunarsa, eləcə də sığınacaq üçün müraciət zamanı saxta sənədlər təqdim etdiyi aşkar olunarsa, bu adamlar öz ölkələrinə deportasiya oluna bilərlər. Məndə olan məlumata görə 2005-ci ildən bugünədək olan 2 min iş yenidən baxılması üçün miqrasiya idarəsinə göndərilib. Məsələn, əgər məhkəmə sözügedən 7 paket sənədin saxta olması barədə qərar verəcəksə, o şəxslərin daimi yaşamaq icazəsi əllərindən alına bilər".

 

5 ildir ki, Almaniyaniyada yaşayan Cəsur Məmmədov Bielefeld şəhərində məskunlaşıb. O deyir ki, Azərbaycanda apardığı jurnalist araşdırmalarından sonra ona təzyiqlər olub və buna görə də Almaniyadan sığınacaq almalı olub.

Cəsur Məmmədov hesab edir ki, Almaniyaya gedən azərbaycanlılar oradakı cəmiyyətə tam inteqrasiya ola bilmirlər, bunun əsas səbəbi isə alman dilini bilməməkdir.

"Almaniya elə bir dövlətdir ki, burada alman dilini müəyyən səviyyədə bilmədən iş tapmaq, karyerada irəliləmək və ya cəmiyyətdə yer tapmaq mümkün deyil. İngilis və rus dilini yüksək səviyyədə bilmək kifayət etmir. Bir çox azərbaycanlılar alman dili kurslarından qaçırlar və bu, inteqrasiya baxımından ciddi problemlər yaradır".

Cəsur Məmmədov iki ildən çoxdur ki, Almaniyanın yerli telekanallarından biri ilə əməkdaşlıq edir. O, həm də Almaniyada təhsilini davam etdirməyi planlaşdırır.

"Azərbaycanlılar elə düşünürlər ki, heç kim onları axtarmayacaq"

Cəsur Məmmədov söyləyir ki, Almaniyada yaşayan azərbaycanlılar orada "heç kəsin vecinə olmayacaqlarını" düşünürlər.

"Azərbaycanlılar Azərbaycandakı vəziyyəti bir növ Almaniyaya daşımaq istəyirlər. Elə düşünürlər ki, burada da Azərbaycandakı vəziyyət olacaq, rahatlıq olsa, heç kim onları axtarmayacaq. Amma burada elə deyil. Almaniyada hamının vecinəsən. Dövlət səni axtarır, qayğına qalır, səni maliyyə baxımından dəstəkləyir".

Cənab Məmmədovun sözlərinə görə, azərbaycanlılar artıq Almaniyanın "hər bölgəsinə səpələniblər".

"Müşahidələrimə görə, artıq Almaniyanın bütün bölgələrində, şəhərlərində, hətta kəndlərində azərbaycanlılar var. Qayda belədir ki, ilk təhvil olduğun düşərgədən sonra müəyyən ərazilərə göndərişlər olur. Məsələn, miqrantlar filan ərazidə həkim müayinəsindən keçməlidirlər deyə oraya göndərirlər, oradan da başqa düşərgəyə göndərilirlər. Növbəti düşərgə Almaniyanın bir tərəfindən o biri tərəfinə uzaqlıqda ola bilər. Bir miqrant Almaniya miqrasiya idarəsinə təhvil veriləndən sonra təxminən 3-4 şəhər dəyişə bilir".

 

"Hələ də mühacir stresindən qurtula bilməmişəm"

 

İlqar Vəliyev iki ildir ki, Almaniyanın Berlin şəhərində yaşayır. O, Azərbaycanda jurnalist fəaliyyətinə görə üzləşdiyi təzyiqlərdən sonra Almaniyadan siyasi sığınacaq alıb.

O deyir ki, azərbaycanlılar Almaniyanın bütün şəhərlərində olsa da, daha çox ölkənin cənubunda və qərbində məskunlaşırlar.

İlqar Vəliyevin sözlərinə görə, iki ay ərzində daimi yaşamaq icazəsi alsa da, hələ də "mühacir stresindən qurtula bilməyib".

"Təsəvvür edin ki, insanlar var ki, illərlə mühacir statusu almırlar. Almaniya cəmiyyətinə inteqrasiya etsələr belə, status almaqdan məhrum olurlar. Burada bir çox azərbaycanlı ailələr var ki, alman cəmiyyətinə inteqrasiya olmalarına baxmayaraq yekun nəticədə Azərbaycana geri göndərilirlər".

Cənab Vəliyev Almaniya hökumətinin real siyasi təzyiqlə üzləşən insanlara daimi yaşayış icazəsi verdiyini düşünür.

"Mən getdim, mən mühacirəm deməklə və ya hansısa qəzet və ya saytdan çıxarışla mühacir statusu ala bilmirsən. Status almaq üçün müsahibə mərhələsində onları inandırmalısan, beynəlxalq təşkilatlar sənə vasitəçi olmalıdır. Azərbaycanda cəmiyyətin bir çox ictimai-siyasi xadimlərinə, vətəndaş cəmiyyətinin nümayəndələrinə namizəd mühacir haqda suallar verilir".

O düşünür ki, azərbaycanlılar Almaniyaya inteqrasiya edə bilmir, çünki onlar Almaniyada yaradılan təhsil və iş imkanlarından istifadə etmirlər.

 

Facebook