Azərbaycanlı məhbus aclıq aksiyasına başladı

Bir ildən çoxdur Təbrizin mərkəzi zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian aclıq aksiyasına başlayıb.

Ona qarşı irəli sürülən ittihamların yalan olduğuna, həmçinin uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz edən fəal aclıq aksiyasının 3-cü günündədir.

Həbib Sasanian artıq 13-cü aydır müvəqqəti olaraq həbsxanada saxlanılır, məhkəmə onun dosyesi ilə bağlı heç bir konkret qərar qəbul etməyib.

Qeyd edək ki, H.Sasanian 2016-cı il mayın 15-də Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı maarifləndirmə işləri apardığına görə tutulduğu deyilir.

Sasanian yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkir, lakin onun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.