Azərbaycanlı gəmiçi Liviya həbsxanasında öldü

Ötən il fevralın 13-də Liviyada saxlanılan üç azərbaycanlıdan biri, 48 yaşlı Elşad Hüseynov vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Səkinə Hüseynova məlumat verib.

S.Hüseynovanın sözlərinə görə, həyat yoldaşının bu il martın 5-də ürək çatışmazlığından öldüyünü bildiriblər.

Mərhumun meyiti ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin və azərbaycanlıların çalışdığı Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinin birgə səyi nəticəsində Türkiyəyə, oradan isə Azərbaycana gətirilib.

S.Hüseynovanın bildirdiyinə görə, saxlanılandan indiyədək həyat yoldaşı ilə bir neçə dəfə telefonla danışıb. Telefon danışıqları Türkiyə şirkətinin əməkdaşı Murad Karenin vasitəçiliyi ilə baş tutub.

“Captan Xayyam” gəmisinin 3 azərbaycanlı, 1 türk və 4 ukraynalı heyət üzvü olub.

Onlar dizel yanacağı qaçaqmalçılıq ittihamı ilə Liviyada həbs olunublar. Heyət üzvlərindən 41 yaşlı Əliağa Babayevin əmisi oğlu Əli Babayev onların təcridxanada pis şəraitdə saxlanıldıqlarını bildirib.

Onun sözlərinə görə, qohumları ilə ötən il dekabrda Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə telefon əlaqəsi saxlayıblar: “Biz bir neçə dəfə Liviyanın Azərbaycandakı səfirliyinə də müraciət etmişik. Lakin səfirlik də bildirir ki, orada dövlət idarəçiliyi ilə bağlı vəziyyət yaxşı deyil. Biz şirkətdə Murad adlı əməkdaşla da daim əlaqədəyik. Şirkət bildirir ki, Liviya hökuməti gəmi üzvlərinin qaytarılmasının qarşılığında pul istəyir. Lakin şirkət pul verildikdən sonra onların qaytarılmayacağından ehtiyatlanır. Bu səbəbdən qəbz və ya bank hesabı tələb edirlər”.

Əli Babayevin sözlərinə görə, saxlanılan digər azərbaycanlının adı isə Elmixan Bağırovdur.

Qeyd edək ki, bununla yanaşı, ötən ilin fevralında Liviyada daha 3 azərbaycanlı saxlanılıb. Onlar isə işləmək üçün Türkiyəyə gedən kapitan Namiq Salamov, matros Fərid Əliyev və motorçu Möhlüd Rəşidbəylidir.

Onlar “Gebze Denizçilik” şirkətinə məxsus “Kalkanlar 1” gəmisində Liviya sahillərində olarkən ötən il fevralın 21-dən etibarən onlardan heç bir məlumat alınmayıb. Fərid Əliyevin qardaşı Zaur Əliyev bildirib ki, qardaşı ilə yalnız ötən ilin oktyabrında əlaqə saxlaya biliblər:

“Özü zəng edib. Dedi ki, azərbaycanlılar bir qrup şəxslə birlikdə Liviyada müxalif silahlı birləşmə olan “Dövləti İslamiyə” tərəfindən əsir götürülüb. Sonra Misurata şəhərin ordu həmin şəxsləri azad edəndə azərbaycanlılar da onlarla birlikdə azad olunub. Hazırda onlar Misurata həbsxanasında saxlanılır”.

O, sonuncu dəfə qardaşı ilə 5-6 gün əvvəl danışdığını bildirib: “Hər dəfə 5-10 gün sonra buraxılacaqları deyilsə də, məsələ aylarla uzadılır. Onlar orada pis şəraitdə saxlanılırlar. Biz və saxlanılan digər azərbaycanlıların ailələri çox narahatıq. Artıq onlardan birinin meyiti (Elşad Hüseynov-red.) gətirilib. Biz yaxınlarımızın da bu aqibəti yaşayacağından qorxuruq. Əgər ölənin meyiti gətirilirsə, deməli sağ qalanlar da gətirilə bilər”.