EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
'Azərbaycanın rəsmi statistikasında yoxsulluqla bağlı rəqəmlər gülüş doğurur'

'Azərbaycanın rəsmi statistikasında yoxsulluqla bağlı rəqəmlər gülüş doğurur'

Bu gün, 17 oktyabr Ümumdünya Yoxsulluqla Mübarizə günüdür.

Azərbaycanda yoxsulluqla mübarizə hansı səviyyədədir, əhalinin nə qədəri yoxsul yaşayır, dövlətin müvafiq qurumları bu istiqamətdə hansı işləri görür sualları müzakirə obyektidir.

“2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixdə Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nı təsdiq edib. Rəsmi məlumatlara görə bu sənədlərin qəbulundan sonra yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. İşsizlik isə 5 faiz səviyyəsindədir.

Hökumətin məlumatlarına əsasən, 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub.

Daha sonra rəsmi məlumatda qeyd olunur ki, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım olub.

İşsizi olmayan ölkədə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna subsidiya verilməməlidir

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə söhbətində xatırladıb ki, dünyada yalan və rəsmi statistika deyimi var.

“Bu baxımdan Azərbaycanın rəsmi statistikasında yoxsulluq və işsizliklə bağlı yer alan rəqəmlər gülüş doğurur”.

Onun sözlərinə görə, rəsmi statistikada yalnız qeydiyyata düşənləri işsiz kimi göstərirlər.

“Son zamanların məlumatında 90-100 min əhalisi olan rayonlarda 1 nəfər işsiz göstərilir. Normal, iqtisadiyyatı sabit olan ölkələrdə işsizlik 8-11 faizdir. Amma Azərbaycanda işsizlik faizi daha yüksəkdir. Bu rəqəmləri heç də təftiş etməyə ehtiyac yoxdur. Sadəcə, sosial sığortada qeydiyyata düşənləri götürmək olar, təqribən 2,3 milyondur”.

N.Bəydəmirli deyib ki, bunların da əhəmiyyətli hissəsi pay torpağı olan adamlardır. Onun sözlərinə görə, belə adamları işçi kimi qeydiyyata alıblar, amma əksəriyyəti sosial sığorta haqqı ödəmir.

“İşsizi olmayan ölkədə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna subsidiya verilməməlidir. 8-11 faiz işsiz olan ölkələrdə pensiya orta əməkhaqqının 70-75 faizi olur. Bu rəqəmləri müqayisəli analiz etdikdə, işsizliklə bağlı rəsmi rəqəmlərin reallıqdan çox uzaq olduğu ortaya çıxır. Bunları elə yoxsulluq haqda məlumatlara da aid etmək olar”.

Nazim Bəydəmirli çox təəssüflənir ki, Azərbaycan beynəlxalq təşkilatların aclıq və yoxsulluq barədə açıqladığı siyahıda aşağı yerlərdədir, sondan üçüncü.

“Bu, o deməkdir ki, əhalinin əhəmiyyətli hissəsinin gəlirləri Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının təsdiq etdiq etdiyi 2 dollardan aşağıdır. Bu adamlar aclıqdan və yoxsulluqdan əziyyət çəkirlər”.

Azərbaycanda yoxsul kimdir sualının cavabı düzgün verilməyib

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, Azərbaycanda əsas problem yoxsulluğun necə ölçülməsidir.

Onun sözlərinə görə, hər bir ölkədə də müxtəlif rəqəmlərin ortaya çıxmasının əsas səbəbi ölçmələrin fərqli olmasıdır:

“Birinci sual odur ki, bizim üçün yoxsul kimdir. Məsələn, ABŞ-da yoxsul sayılan adamla Azərbaycandakı yoxsul deyilən adam arasında fərq var. Ola bilər ki, hər iki ölkədə insan eyni cür və eyni həcmdə qida qəbul etsin, yaxud xidmətlərlə əhatə olunsun, amma fərqli statusa malik olsun. Bir ölkədə o yoxsul sayılsın, digərində əksinə, sayılmasın”.

Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda yoxsulluq yaşayış minimumun səviyyəsi ilə ölçülür, qanunvericiliyin tələbi belədir.

“Dövlət deyir ki, vətəndaş minimum istehlak səbətindən aşağı yaşayırsa, yoxsuldur. Bəli, müzakirə mövzusudur ki, səbətin tərkibi insanın minimum fizioloji yolverilən yaşamasına imkan verir. Amma inkişaf etmiş ölkələrdə yoxsulluğu daha nisbi yoxsulluqla ölçürlər. Avropa Birliyi ölkələrində median göstəricilərlə yanaşırlar, yəni daha çox insanın əldə edəcəyi gəlirin ortasını göstərir:

“Məsələn, ölkədə 100 nəfər yaşayır, onların 50-nin aldığı məbləğ hansı məbləğə yaxındırsa, o median gəlir sayılır. Bu, orta əməkhaqqından fərqlidir. Yəni burda insanların sayı əsas götürülüb, ölçülür. Kimin aylıq gəliri median gəlirlərin 60 faizindən aşağıdırsa, yoxsul hesab olunur”.

R.Ağayev qeyd edib ki, Almaniyada median gəlir 3 min avrodur, kimin gəliri 2400 avrodan aşağıdırsa, o, avtomatik yoxsul sayılır.

“Bununla da hökumətin yoxsulluqla mübarizə rıçaqları işə düşür. Bu baxımdan Azərbaycanda yoxsul kimdir sualının cavabı düzgün verilməyib. Baxmayaraq ki, 2004-cü ildən ölkəyə böyük neft vəsaitləri gəldi, Dünya Bankının təsnifatına görə aşağı gəlirli ölkələr sırasındaydıq. Neft pulları hesabına orta və orta yuxarı gəlirlik qrupuna düşsək də, yaşayış standartlarımız dəyişmədi. Söhbət yaşayış minimum haqda qanundan, yoxsulluğu ölçən standartlardan gedir, bunlar 2005-2006-cı illərdə qaldı. Çünki həmin qanunlar həmin illərdə qəbul edilib. Ona görə göstəricilər aşağı düşdü”.

Bununla belə iqtisadçı qeyd edib ki, əhalinin yoxsulluq səviyyəsi 90-larda qalıb demək, qeyri-peşəkarlıq olardı.

“Ölkəyə böyük neft pulları gəlib, bu, 90-cı illərin vəziyyəti ilə müqayisədə insanların yaşayışına təsir göstərib. Bəs nə qədər azalıb? Hökumətin dediyi səviyyədə azalıbmı, bu, artıq mübahisəli məsələdir. Mən bunu mübahisəyə çıxarıb müqayisə edə bilərəm. Müqayisə, hökumət yoxsulluğun metodologiyasını təkmiləşdirməsi, daha obyektiv metodologiya ilə ölçməsi şəklində ola bilər”.

İqtisadçı deyib ki, Azərbaycanda yoxsulluq yalnız istehlak səbəti ilə yox, insnaların keyfiyyətli xidmətlə əhatə səvityyəsinin nə dərəcədə olması da ölçülməlidir.

“Tutaq ki, təhsil və səhiyyənin səviyyəsi, insanların bunlara əlçatanlığı hansı səviyyədədir. Azərbaycan metodologiyası bunları nəzərə almır. Yalnız onu götürür ki, insan il ərzində 120 kiloqram çörək yeyirmi, yaxud gündə 150 litr su içirmi, bu şəkildə daha primitiv şərtlər götürülür. Ona görə yoxsulluğun 10 dəfə azalması haqda rəqəmin doğru olub-olmaması sualına ehtiyac qalmır”.

Facebook