Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası isə 4 gün müzakirə apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər. 

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi.