Azərbaycandan çıxarılan 5 milyardın sahibi Eldar Mahmudov olub

Bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi gündəmdədir. Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.Ümumi məbləğ 5 milyard 500 milyon manatdır.

Operativ.tv xəbər verir ki, Musavat.com həmin pulun kimə məxsus olduğunu öyrənib.

Məlumata görə, bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub.

Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon bir gündə ölkədən çıxarılmışdı. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı. 

30 milyon Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb. Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğdir.