Azərbaycanda spirtli içkidən 89, dərmandan 1100, sirkədən 237 nəfər zəhərlənib

Azərbaycanda 89 nəfər spirtli içkidən zəhərlənib.

Publika.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov məlumat verib:

"Ötən il spirtli içkidən zəhərlənənlərin sayı bu illə müqayisədə daha çox olub. Belə ki, keçən il 108 nəfər spirtli içkidən zəhərlənmişdirsə, bu il müraciətlərin sayı olduqca azalıb".

A.Maqsudov bildirib ki, spirtli içkilərdən zəhərlənən insanlar arasında ölüm halı qeydə alınmayıb:

"Demək olar ki, hər gün şöbəyə 5-6 nəfər spirtli içkidən zəhərlənmə ilə müraciət edir. Bunun əsas səbəbləri spirtli içkilərin tərkibinin dəyişdirilməsidir. Ucuz qiymətə satılan bir çox alkoqollu içkilərin tərkibinə qatılan spirtlər insan orqanizmində zəhərlənməyə səbəb olur. Onlar əsasən "bomj"lar olur. Küçələrdə soyuqda qalır və nəticədə zəhərlənmə hadisəsi baş verir. Bu halda həkim müdaxiləsinə ehtiyac var, əks halda ölüm halları qaçınılmazdır."

Onun sözlərinə görə bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub, onlardan 602 nəfəri Taksikologiya şöbəsinə qəbul olunub:

"Ötən il isə dərmandan zəhərlənmə halları ilə bağlı mərkəzə 1400 müraciət daxil olub. Onlardan 1062 nəfər stasionar müalicəyə qəbul olunub. Qəbul olunanlardan ölüm halı olmayıb . Bunun əsas səbəbləri isə həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza, və ard-arda qəbul edilən dərmanlardır. Nəticədə isə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük".

A.Maqsudov deyib ki, bu il sirkə turşusundan zəhərlənən 237 nəfərdən biri ölüb:

"Ötən il il müqayisədə sirkə turşusundan zəhərlənərək ölənlrin sayında azalma var. 2016-cı ildə bu diaqnozla xəxatəxanaya 254 nəfər daxil olub. Onlardan 3 nəfər isə ölüb".