"Azərbaycanda siyasi səhnədə yeni bir oyunçunun, partiyanın yaranması indiki sistemin oyun qaydalarına uyğun deyil" - Fotolar

Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun Respublikaçı Alternativ Partiyası I Təsis Qurultayının keçirilməsi üçün yerlə bağlı müraciətinə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin cavabı mənfi olub. Cavabın mahiyyəti və ReAl-ın möyqeyi ilə bağlı oktyabrın 27-də REAL-ın ofisində mətbuat konfransı keçirilib.
REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan fərdi obyektlərə də müraciətlər olunduğunu, lakin obyekt sahiblərinin yer verməkdən imtina etdiklərini bildirdi:
“Bunun səbəbini də hesab edirəm ki, hər kəs bilir: bu gün cəmiyyətdə olan qorxu xofu. Məhz bunun nəticəsi idi ki, onlar bizə yer verməkdən imtina etdilər. Ondan sonra biz rəsmi surətdə Əmircanda yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət sarayı üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanladıq, hansı ki orada bir çox siyasi partiyalar öz qurultaylarını və tədbirlərini keçirmişdilər. 15 gün ərzində sözgedən idarə bizə öz qərarlarını elan etməli idi, lakin təəssüflər olsun ki, onbeş gün ərzində deyil, onlar dünən öz mövqelərini bizə bildirdilər. Mövqeləri də ondan ibarət idi ki, ayın 29-da orada film nümayiş olunacaq, ona görə yeri bizə verə bilmirlər. Bu ərəfədə başqa hadisələr də baş verdi. Belə ki, həbsxanada İlqar Məmmədovun sənədlərini, həm qurultayda çıxış etmək istəyirdi İlqar bəy, o cümlədən də nizamnamədə hansı dəyişikliklər olacaqsa, onları qeyd etmişdi – bütün sənədləri onun əlindən alıblar. Dünən özü də zəng etmişdi və bizdən xahiş etdi ki, sizlərə çatdırım bunu ona qarşı bir təzyiq kimi və qurultayın keçirilməməsi ilə bağlı hakimiyyətin göstərdiyi bir mövqe kimi dəyərləndirir”.
REAL-ın icra katibi Natiq Cəfərli çıxışında rəsmi qurumlara müraciət edilərkən həmin məkanlarda, müxtəlif dönəmlərdə, yaxın tarixə qədər Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaların, siyasi qurumların çoxsaylı tədbirlərinin də keçirildiyinin nəzərə alınaraq həmin məkanları qeyd etdiklərini bildirdi:
“Lakin rəsmi açıqlamadan və münasibətdən də belə görünür ki, digər siyasi partiya və qurumlara tədbir, konfranslar keçirilməsi üçün verilən məkanlarda REAL-a yer verilmədi. Bizim təsis qurultayımızın qapalı bir məkanda bir neçə yüz insanla keçirilməsi hakimiyyət tərəfindən təhlükə kimi görünür. Bu təsis qurultayının keçirilməsinə həm də ona görə maneçilik törədilir ki, Azərbaycanda siyasi səhnədə yeni bir oyunçunun, partiyanın yaranması indiki sistemə sərf eləmir, bu sistemin oyun qaydalarına uyğun deyil”.
Daha sonra tədbir təşkilatçıları jurnalistlərin, media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edək ki, Respublikaçı Alternativ Partiyasının (REAL) Təşəbbüs Qrupu Partiyanın I Təsis Qurultayını bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar verib. Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən və 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. Bunu nəzərə alaraq oktyabr ayının 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlanıb. Qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavab vermə qaydasını pozaraq Bakı Şəhər İcra Hakimiyyəti bizim müraciətimizə hələ də cavab verməmiş və hətta müraciətimizi qeydə almadıqlarını və icraata göndərmədiklərini bildirmişlər.