Azərbaycanda insanların əksəriyyətinin seçim şansı yoxdur - Kitabçı

İlkin Tomar ölkəyə yenilik gətirən və fərqli kitab satışı ilə seçilən "Kitab Al"ın qurucusudur.
 
O, son maaşından qalan 100 manatla qurduğu işi xeyli irəliyə apara bilib.  
 
İşsiz qalan İlkin özü üçün iş yeri, digər insanlar üçün maarif ocağı yaradıb. 
 
Rakurs.tv xəbər verir ki, İlkin həyat hekayəsini Toplum.Tv-yə danışır: 
 
"Mütaliə statistikasında sonuncu olmaq məni narahat edirdi"
 
"Kitabçılıqdan əvvəl fərqli işlərdə doqquz il işləmişəm. Müxtəlif işlərdə maaşla çalışsam da, iş vaxtından əlavə olaraq çalışıb işi və özümü daha da inkişaf etdirmək istəyirdim. Həmin dövrdə bəzi nəşriyyatlardan kitab alıb oxuyurdum. Elə oxuduğum müddətdə bir kitabxana yaratmaq fikrinə düşmüşəm, amma belə bir şey yaradacağımı təsəvvür etmirdim. Standart kitabxana yaratmağı düşünürdüm. Daha sonra bir məqalədə Qafqaz ölkələri üzrə kitab oxuyanların statiskasına rast gəldim və bu sahədə sonuncu idik. Kitab oxumaqda sonuncu olmaq məni narahat edirdi. Son iş yerim olan kitab mağazası da əsas gücünü geyim istiqamətinə çevirdikdən sonra oradan çıxıb öz kitabxanamı qurmaq qərarına gəldim". 
 
"İxtisaslaşmış onlayn kitabxana yaratmaq istəyirdim"
 
"Kitabxana və nəşriyyat açmağa qərar verdikdən sonra çox şeyi götürqoy etdim. Məsələn, Türkiyədə nəşriyyatlar ixtisaslaşıb. Hər nəşriyyat ayrı istiqamətdə kitablar çap edir. Mən də düşündüm ki, bizdə də elə ixtisaslaşmış bir nəşriyyatlar olsa, yaxşı olardı və mən istiqamət kimi elmi-kütləvi ədəbiyyatı seçdim. Bu işdə tək deyildim. Hazırda "Yaşıl Elm” saytının rəhbəri olan Taryel Abdullayevin də dəstəyi ilə işimi bu istiqamətdə yönləndirdim. Əslində, bu, çox çətin bir addım idi. Mən heç vaxt asan olanı seçməmişəm. Odur ki, mübarizə aparmaq mənə əlavə stimul verirdi. Nəzərə alsaq ki, ölkədə mütaliə edənlərin sayı azdır və bunların içərisində elmi-kütləvi ədəbiyyat çox cüzi bir paya malikdir, çətin olanı seçdik və məncə, bunu oxucularla birlikdə bacardıq. Hazırda mənim kitab bazamın 75-80%-i elmi-kütləvi kitablardan ibarətdir, bunların içində psixologiya, fizika, astrofizika, biologiya, coğrafiya, antropologiya, genetika, geologiya və s. yer alır", - deyir İlkin Tomar.
 
"Qadağalar insanda daha çox maraq doğurur".
O deyir ki, elmi-kütləvi ədəbiyyatın oxucusu çox azdır: "Bu, bir az da bu janrda ədəbiyyatın daha çox dilimizə tərcümə olunmadığı üçündür. Bizim nəşriyyatlar daha çox satılan kitablar çap etdirdiyi üçün bəzi kitablar ölkəmizdə oxucusunu tapa bilmir. Mənim çap etdiyim kitabların əksəriyyəti ölkədə heç vaxt çap olunmayan kitablardır. Oxucuların dediklərin görə, bəzilərinin adı çox "qeyri-etik" (məsələn, "Artur Şopenhauer – Cinsi sevginin metafizikası”) olduğu üçün cəmiyyət tərəfindən birmənalə qarşılanmır. Bir də adına qadağa damğası vurulan bəzl kitablar var ki, hamı o kitabları oxumaq istəyir. Özü də bu kitabları araşdırmamış, kor-koranə şəkildə oxumaq istəyirlər. Amma bu, düzgün deyil. Həmin qadağan olunan kitablar insanlarda daha çox maraq doğurur və bəzən pis nəticələri olur. Ona görə də bəzi kitabları qadağan etməzdən əvvəl onu düzgün şəkildə öyrənmək lazımdır. Məsələn, Adolf Hitlerin "Mənim Mübarizəm” adlı kitabı hamının axtardığı və insanlığa heç bir faydası olmayan kitabdır".
 
"Kitaba maliyyə gözü ilə baxmıram"
 
İlkin Tomar kitaba maliyyə gözü ilə baxmadığını deyir: "Azərbaycan balaca bir ölkədir və nəşriyyatlar, sadəcə, öz maraqları üçün kitab çap edirlər. Çox qazanmaq üçün deyil, daha çox qazanmaq üçün çalışırlar. Mən kitaba maliyyə gözü ilə baxmıram. Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, kitab çapı ilə məşğul olan, kitab satan və kitab oxuyan insanların hamısı yaxşı insanlardır. Əhalini maarifləndirmək istəyirlər. Heç də hamısı deyil. Vaxtilə də buna bənzər fikirlər olub. Məsələn, vaxt var idi ki, Həcc ziyarəti etmiş insanlara cəmiyyət təmiz, saf insanlar kimi baxırdılar. "Onlar heç vaxt yalan danışa bilməz və dürüst insanlardır" fikri formalaşmışdı. Təbii ki, bu cür yanaşma çox gülüncdür. Onların da içində yaxşı və pisləri var idi. Bu, nəşriyyat sahiblərinə də aiddir. Azərbaycanda nəşriyyatların artması rəqabəti artırır. Heç vaxt istəməzdim ki, ölkədə yeganə kitab satan şəxs mən olum. Bir filmdə bir səhnə görmüşdüm. Hansı ki bir evdə yaşayan it həmişə pişiyi qovalayır və iti həyatda tutan həmin qovala-qaç olur. Bir gün it pişiyi tutub öldürür və artıq it üçün də hər şey bitir. Rəqabət olmasa, hər sahə passivləşər. İnkişaf rəqabətdən başlayır, nəyəsə pul yatırmaqla deyil". 
 
Onun sözlərinə görə, Azərbaycanda insanların böyük əksəriyyətinin seçim şansı yoxdur: "Kitablardan götürdüyüm bir neçə deviz var və onları həyatıma tətbiq edirəm. Bunlardan ən sevdiyimi Bernard Şou nun sözüdür. Şou deyirdi: "Sevmədiyi sahədə işləyən bir insanın fahişədən fərqi yoxdur”. Bu bir çox azərbaycanlını narahat etsə də, reallıqdır. Hətta bir dəfə bu sözü sosial şəbəkələrdə paylaşdım və ciddi tənqidlərə məruz qaldım. Yəni fahişə, sadəcə, pul ilə bədənini satan deyil, həm də öz istəklərini satandır. Belə adamlar daim öz işlərində sıxılacaqlar və iş saatının tez bitməsini istəyəcəklər. Amma mən iş saatı adlandırdığımız vaxtın çoxdan bitməsinə baxmayaraq, hələ də burdayam. Saat 20:35-dir. Təbii ki, Bernard Şounun bu cümləsi bizim ölkə üçün keçərli deyil. Çünki Azərbaycanda insanların böyük əksəriyyətini seçim şansı yoxdur və həyatda qalmaq üçün onlara təklif olunan işləri "seçirlər"". 
 
"Hər kəs sevdiyi işlə məşğul olsa, bu, iqtisadiyyat və cəmiyyət üçün daha faydalı olar”
 
"Qarşılaşdığım mənfi hallar isə heç vaxt məni işimdən soyutmayıb. Yüz manatla başladığım bu işi bu yerə gətirə bildiyimə görə çox şadam. Mənimlə birlikdə bu işə daha çox vəsaitlə girən adamlar işlərini batırdılar. Ayaqda qalmağımın səbəbi birinci öz işimə olan sevgim, ikinci isə insanları oxumaq bacarığım oldu. Hər kəs sevdiyi və bacardığı işlə məşğul olsa bu iqtisadiyyat və cəmiyyət üçün daha fayfalı olar", - o deyir.
 
"Elə bir ölkəyik ki, primatdan tutmuş sapiensə qədər hər növ insan bir yerdə yaşayır"
 
İlkin Tomarın deyir ki, mütaliə insanın formalaşmasında başlıca rol oynayır. Onun sözlərinə görə, insanların düzgün tərbiyə olunması olduqca vacibdir: "Mən Rusiyada doğulmuşam. Anamın dediyinə görə körpə vaxtı məni parka oynmağa aparanda rus qadınlarını müşahidə edirdi. Həmin rus qadınları uşağı qarşısına qoyub kitab oxuyurdu və uşağın da şüuraltına kitab oxumaq yeriyirdi. Düzdür, rusları biz hər zaman "içki düşkünü” və "namussuz” adamlar kimi tanımışıq, amma onların içindən çox güclü alim və yazıçılar çıxır. Məhz buna görə də bu gün rus ədəbiyyatını dünya ədəbiyyatından çıxarsan, böyük boşluq yaranacaq. Bu gün dünya ədəbiyyatı Tolstoyun, Dostoyevskinin qarşısına yazıçı çıxara bilmir. Buna səbəb məhz rusları düzgün tərbiyə metodudur. Onlar uşaqla da şəxsiyyət kimi davranırlar, onunla böyük kimi danışırlar. Mütaliə insan tərbiyəsi və şəxsiyyət kimi formalaşmasında başlıca rol oynayır".
 
"Hamı kitab yazır”
 
 
"Bizdə kitab yazanlar çoxdur, amma kitab yazarkən düşünmək lazımdır ki, bunu alan oxucunun beyninə təcavüz etmək olmaz. Əsas maraqlı tərəf isə kitab yazanların əksəriyyətinin kişi cinsinə mənsub olmalarıdır. Bu, bir növ məşhurlaşmaq həvəsidir. Kitab yazmaqdan əvvəl çoxlu kitab oxumaq lazımdır. Hətta yazıçılar tanıyıram ki, yeraltı ədəbiyyatı oxuyur və yeraltı ədəbiyyatı yazmaq istəyir. Sonra gedib oturur hər hansı bir binanın altında yerləşən PUB-da, içə-içə başlayır kitab yazmağa. Bu həmin şəxsin ədəbiyyatçı olmağından çox oxuduğu yazıçılara oxşamaq, onlar kimi məşhurlaşmaq niyyətindən irəli gəlir. Ümumiyyətlə, elə bir ölkəyik ki, primatdan tutmuş sapiensə qədər hər növ insan bir yerdə yaşayır". 
 
"Oxucunun seçdiyi kitab ona uyğun olmasa, almasını tövsiyə etmirəm"
 
O hesab edir ki, kitab satıcısı oxucuya uyğun olmayan kitabları tövsiyə etməməlidir: "Alıcılara kitab məsləhət verərkən daha çox ona uyğun kitablar məsləhət görürəm. Oxucunun seçdiyi kitab ona uyğun olmasa, almasını tövsiyə etmirəm. Çünki əsas məsələ maliyyə deyil".
 
"İnsanoğlu oxumamaq üçün həmişə bəhanə tapır"
 
"Özüm yaratdığım bir kredit sistemim var. Daimi alıcılara toplu şəkildə istədiyi kitabları təklif edirəm. Həmin kitabları ödənişini hissə-hissə ödəməsi üçün şərait yaradıram. Və beləcə oxumaması üçün bəhanə yeri qoymuram. Oxumamaq üçün bəhanə yeri qoymuram", - belə deyir İkin Tomar. 
 
"Xoşbəxtlik mənim arxamca gəlir"
 
"Pişik quyruğu adlı bir kiçik hekayə var. Bala pişiklər bir müddət öz quyruqlarını tutmağa çalışırlar. Bir gün bir bala pişik də bunu etməyə çalışır. Evin damında uzana bir başqa böyük pişik bu mənzərəni görüb gülməyə başlayır. Bala pişik acıqlı halda onun niyə güldüyünü soruşur. Böyük pişik niyə bala pişiyin öz quyruğunu tutmağa çalışmasını soruşur. Bala pişik quyruğun xoşbəxtlik olduğunu və o da öz xoşbəxtliyinə çatmaq üçün onun tutmağa çalışdığını bildirir. Böyük pişik bu dəfə də gülməyə başlayır. Bala pişik təəccüb və acıqlı halda bu dəfə nə üçün güldüyünü soruşur. Böyük pişik isə bu cür cavab verir: Mən də əvvəl sənin kimi düşünürdüm. Nə qədər çalışsam da, quyruğumu tuta bilmirdim. Günü-gündən həvəsdən düşürdüm. Bir dəfə bu bezdirici adətdən əl çəkdim və öz yolumu getməyə başladım. Və bir gü bir şeyin fərqinə vardim. Quyruq-Xoşbəxtlik mənim dalımca gəlirdi. Eynilə insan da nəyinsə arxasınca qaçanda çata bilmir. Mən də bu işi pul üçün qurub, pul üçün çalışsaydım, heç vaxt xoşbəxt ola bilməyəcəkdim. Amma indi xoşbəxtlik mənim arxamca gəlir".
 
"Bestseller demək yaxşı kitab demək deyil"
 
İlkinin fikrincə, ən çox alınan kitab məsələsi bir az absurd anlayışdır: "Üç il əvvəl sizə ən çox satılan bir neçə kitab adı çəkərəm ki,  heç onun müəllifini belə tanımazsınız. Əvvəlcə mən də çox satılanlarla bağlı statistika çıxarmışam. Amma sonra düşündüm ki, bu bir az qeyri-səmimi olur. Məsələn, bəzi kitab mağazaları, həftənin, ayın və ya ilin ən çox satılan kitablarının siyahısını çıxarırlar. Amma həmin siyahıya bazada qalmış və ya daha sıx əməkdaşlıq etdikləri nəşriyyatların kitabları başçılıq edir ki, bu da həmin kitabların satılmasına təkan verir. Bestseller demək yaxşı kitab demək deyil. Kitab seriallarda, reklamlarda görülüb sevilməməlidir. Bəzən insanlar kitabın üzlüyünün reklamda gördüklərini kimi olmadığını biləndə onu almaqdan imtina edirlər. 
 
Tarixə nəzər salsaq, təəssüflə qeyd edə bilərik ki, xalq olaraq kitabla aramız olmayıb. SSR-nin tərkibində olanda süni rəqabət nəticəsində oxuyanlarımız oxuyub, oxumayanlarımız isə evlərini kitabla doldurublar. Kimin evində kitab çox idisə, o adam özünü cəmiyyətdə müəyyən pillədə görürmüş. SSR-i dağılandan sonra isə o kitabların hamısın zibilliklərin ağzına kimi doldurmağa başladı. Biz hər zaman kitab oxuyanlara potensial təhlükə kimi baxmışıq və bu hələ də davam edir".
 
"Oxuculara nəyisə satmaq yox, onlara fayda vermək istəyirəm" 
 
Kitabçı hətta yaxınlarının toyuna hədiyyə olaraq, "Kitab xonçası" apardığını deyir: "Mən bura gələn müştərilərə alıcı kimi yox, oxucu kimi baxıram. Onlara nəyisə satmaqdan daha çox onlara fayda vermək istəyirəm. Bəzən görürəm ki,  oxucu bir kitab alır oxuyur və həmin kitabdan əlavə 15 ədəd alır. Sonra başlayır bütün yaxınlarına həmin kitabı hədiyyə etməyə. Mənə görə bu, yaxşı hal deyil. Mən öz bəyəndiyim kitabı hamıya hədiyyə edirəmsə, bu öz fikrimi hamıya sırıyıram deməkdir. Məsələn, mən mifologiya, distopiya və fəlsəfi kitabları  daha çox oxuyuram. Amma heç kimə öz oxuduğum kitablardan hədiyyə etmirəm. Onların öz zövqünə görə kitablar seçirəm.
 
 
Bilənlər var ki, mən toylara getməyi elə də sevmirəm, əvəzində isə yaxınlarımın toyu olanda onlara "Kitab Xonçası” göndərirəm. Bu yaxınlarda dostum Taleh Eminoğlunun toyu olacaq. Elə onun da özünə "Kitab xonçası” aparacağam. Məncə, bu da ənənə halını almalıdır. İstəyirəm ki, oxucuları öz oxuduqlarına görə istiqamətləndirim". 
 
"Kitabçılar çox yaxşı psixoloq ola bilər"
 
O qeyd edir ki, kitabçılar hər tip insanla rastlaşdığı üçün çox yaxşı psixoloqlar ola bilərlər: "Eynilə psixoloqlar çox yaxşı kitabçı ola bilərlər. Bir psixoloq dostum mənə bir yazıçından belə bir sitat gətirmişdi: "Bir kitabçı yaxşı Kral olub cahanı idarə edə bilər, amma bir Kral heç vaxt yaxşı kitabçı ola bilməz”. Amma kitabçı olmaq o demək deyil ki, sən bütün kitabları oxumalısan. Xeyr, sadəcə, insanları tanımaq lazımdır. Bir insanın əlinə keçən kitabı oxuması çox absurddur. Oxuyursa, deməli, həmin adam nə istədiyini bilmir. Birinci sənin bütün kitabları oxumağa ömrün yetməz. İkincisi, beyində çox təzadlı fikirlər yaranar. Bu, "İncil" oxuyub xristian, daha sonra "Tövrat" oxuyub yəhudi olan adamın söhbətinə bənzəyir. Mən alıcıları elə istiqamətləndirməyə çalışıram ki, aldıqları kitablar ödədiyi puldan daha dəyərli olsun".
 
İlkin Tomar həm də "Yumruq Ədəbi Birliyi”nin yaradıcısıdır: "Eyni zamanda "Yumruq Ədəbi Birliyi” nəşriyyatının yaradıcısıyam. Üç il ərzində otuza yaxın kitab nəşr etmişik və bütün kitablarımızın nəşri bir komanda işi olub. Tərcüməçilər, redaktorlar, korrektorlar, dizayner və tərtibatçılar. Xüsusilə də, Araz Gündüz, Taleh Eminoğlu, Xan Abdulla, Rasim Həsən, Sevinc Həsən, Sahil Amir, Əfsanə Tomar, Aytən Alışova, Zaur Həsənzadə, Tural Paşabəyli, Nicat Əsədullayev, Kənan Hacı, Nərmin Şahmarzadə, Beyrək Tərlansoy, Elçin Abdullayev, Əhməd Həmid, Murad Abdullayev, Murad Kərimov, Kamran Kərimli və Zamin İsmayılova öz təşəkkürümü bildirirəm. Hər biri birliyin fəaliyyətində ciddi işlər görüblər".