Azərbaycanda ilk dəfə baş rolunu eşitmə və nitq məhdudiyyətli aktyorun oynayacağı film çəkiləcək

Azərbaycanda ilk dəfə baş rolunu eşitmə və nitq məhdudiyyətli aktyorun oynayacağı film çəkiləcək. Bu haqda məlumatı verən filmin ssenari müəllifi Arzuman Həsənov filmin çəkilişləri üçün fevralın 4-dən başlayan kastinq çəkilişlərinin davam etdiyini, baş rol ifaçısının isə artıq təsdiq olunduğunu bildirib:
“Qarpız kababı – lal məhəbbət” adlandırdığımız filmin süjet xəttini iki keçmiş məktəb yoldaşı olmuş gənclərin – imkanlı ailənin övladı olan Mehriban, eşitmə və nitq məhdudiyyətli, eyni zamanda həvəskar şair olan Salmanın hekayəsi təşkil edir. Baş rol olan Salman obrazına çoxlarına televiziya ekranlarından tanış olan, viner, həvəskar rejissor və ssenarist Mahmud Səfərov təsiq olunub. İkinci tur üçün digər namizədləri də müəyyənləşdirəcəyik. Giriş faciəvi başlıqda olsa da, drammatik, komik, fərqli fəlsəfi fikirlərlə, məhəbbətin təntənəsi ilə yekunlaşacaq. Filmdə klassik Azərbaycan kino ənənələri ön plandadır. Bütün mətn və şerlərin jestika dilində ifadə olunmasını nəzərdə tutmuşuq. Filmin beynəlxalq arenaya təqdim olunması üçün ingilis və rus dillərində də tərcümə olunacaq. Məlumdur ki, bütün bunların həyata keçməsi, filmin ərsəyə gəlməsi üçün maliyyə vəsaiti lazımdır. Odur ki, hal-hazırda sponsor axtarışındayıq və imkanlı şəxslərin bu istedadlı gənclərə dəstək olacağına ümid edirik”.
Qeyd edək ki, Mahmud Səfərov Azərbaycanda ilk eşitmə nitq məhdudiyyətli vinerdir. 1996-cı ildə Bakıda anadan olan M. Səfərov işarət dilində maraqlı vinelar (15 saniyə müddətində çəkilən komik videolara “vine” deyilir) çəkərək sosial şəbəkələrdə paylaşır və çoxsayı izləyici kütləsinə sahibdir. 2017-ci ildə ssenarisində üç məhdudiyyətli dostdan bəhs edən qısametrajlı “Mənim hekayəm” adlı filmdə də rol alıb. O, 2017-ci ildən “Mənim dünyam: Eşitmə və Nitq Məhdudiyyətli Uşaq və Gənclər Klubu”nda işarət dilindən dərslər aparır. Mahmud Səfərov ötən il ATV-də yayımlanan “Vine show” müsabiqəsinə qatılaraq çoxsaylı iştirakçılar arasından final mərhələsinə kimi qalan iki nəfərdən biri olub.