Azərbaycanda ilk COVİD -19 dalğası bitməyib

Azərbaycanda ilk COVİD -19 dalğası bitməyib

Avqustun 5-dən Azərbaycanda karantin rejimi yumşaldıldı. SMS- icazələr ləğv olundu, çimərliklər açıldı. Karantin rejimi isə yenidən 31 avqusta qədər uzadıldı. Azərbaycan mart ayından yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində karantin rejimindədir. Bundan əvvəl hökumət bir dəfə karantin rejimini yumşaltsa da yoluxma sayının çoxalması səbəbi ilə yenidən karantini sərtləşdirmək barədə qərar vermişdi. Azərbaycanla eyni vaxtda pandemiya ilə mübarizəyə başlayan ölkələrdə isə vəziyyət artıq yaxşılaşıb. Məsələn, qonşu Gürcüstanda yoluxma sayı xeyli azalıb və həyat yavaş-yavaş axarına düşür. Azərbaycanda isə karantin rejimi hələ də davam edir. Həkim-ekspert Adil Qeybulla mövzu ilə əlaqədar ASTNA-nın suallarına cavab verib.

 

***

-Adil doktor, əvvəlcə sizdən vəziyyəti soruşum. Xəstəliklə mübarizə hazırda hansı vəziyyətdədir? Vəziyyət yaxşılığa doğru dəyişir, yoxsa hələ təhlükəli vəziyyət davam edəcək?

-Bildiyiniz kimi,  karantin qaydaları yumşaldılıb, “Evdə qal”  karantin qaydaları ləğv olunub. Amma demək olar ki, sosial həyatın bütün sahələri hələ də donmuş vəziyyətdədir. Rəsmi məlumatlar göstərir ki, qeydiyyatdan keçmiş COVİD -19 xəstələrinin sayı azalır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, xəstəxanalarda yer olmadığı üçün insanların bir çoxu heç həkimə müraciət etmir. Özləri həkim tapırlar, rəsmi qeydiyyatdan keçmədən ev şəraitində müalicə alırlar. Belə xəstələrin sayı stasionar xəstələrin sayından xeyli çoxdur. O baxımdan biz təkcə rəsmi məlumatlara istinad edə bilmərik. Real vəziyyəti hələ ciddi olaraq dəyərləndirməliyik. Qətiyyən arxayınlaşmaq olmaz.

nsanları maraqlandıran əsas sual budur ki, necə olur ki, Azərbaycanla eyni vaxtda karantin elan edən ölkələrin hamısı vəziyyətdən çıxa bildilər, amma hələ də Azərbaycanda xəstəlik davam edir? Bunun səbəbi nədir? Bizim yanlış addımlarımız nə oldu?

-Azərbaycanda pandemiyanın gedişi çox spesifik xarakter daşıdı. Bu, inkarolunmaz faktdır. Çünki bundən əvvəl karantin yumşaldılarkən heç bir təlimatlandırma, heç bir maarifləndirmə işi aparılmadı. Sanki insanlar özlərini bağlı məkandan azadlığa çıxmış kimi hiss etdilər, küçələrə axışdılar. Karantin davranışlarına riayət etmədilər, maska taxmadılar, sosial məsafə gözləmədilər. Bu, böyük yoluxma potensialına yol açdı. Bunu başa düşdükdən sonra hökumət yenidən karantin elan etdi. Amma artıq gec idi. Çünki dediyim kimi, böyük bir yoluxma potensialı yaranmışdı. Və bu gün də həmin proses davam edir. Əslində Azərbaycanda karantinin idarə edilməsində çox böyük yanlışlıqlar və səhvlər oldu. Bu da təbii ki, indiki şəraiti şərtləndirdi. Gürcüstanı və Azərbaycanı müqayisə etmək yetərlidir.

-Son vaxtlar tibb işçiləri arasında da xəstəliyə yoluxanların sayı artır. Hətta son rəqəmlərə görə 37 həkim bu xəstəlikdən həyatını itirib. Bunun səbəbi nədir? Qoruyucu geyimlərin çatışmazlığı, yaradılan şərait, yoxsa bilmədiyimiz başqa səbəbləri var?

-Bəli. Təəssüflər olsun ki, tibb işçiləri arasında xəstəliyə yoluxanlar və həyatını itirənlərin sayı çoxdur. Mindən çox tibb işçisi xəstəliyə yoluxub. Onların arasında orta tibb işçiləri də var. Orta tibb işçiləri arasında da ölənlər çoxdur. Eyni zamanda 40-a yaxın həkimi itirmişik. Həmin insanların hamısı öz sahəsinin mütəxəssisi olub. Hər biri Azərbaycanda tanınmış həkim olub. Səmimi deyim ki, hər biri Azərbaycanda pandemiya ilə ciddi mübarizə aparanlardan və xəstəliklə mübarizədə ön cəbhədə olanlardan idi. Onlar uzun müddət xəstəliklə təmasda olublar və böyük əksəriyyətinin xəstəliyə yoluxmasının səbəbi də məhz xəstə ilə həddən artıq çox təmasda olması idi. Çünki bir mühafizə geyimi ilə həkimlər 8 saatlıq iş rejimində aylarla qalmalı olublar. Bu, tam yolverilməz hal idi. Hətta mülki müdafiədə də bu var ki, mülki müdafiə sistemində bakterioloji silahdan qorunmaq üçün istifadə edilən geyimlərin müddəti 3-4 saatdır. Amma həkimlərdə bu 8 saat idi. Təbii ki orada normadan artıq virus dozası olur. Xəstə olan palatada həkimlər xəstənin boğazını təmizləyir, onu inkubasiya edirlər, birbaşa 20 sm. məsafədən xəstə ilə təmas qururlar. Təbii ki, bunun öhdəsindən 8 saat müddətinə heç bir qoruyucu vasitə gələ bilməz. Bu da belə bir yoluxucu potensial yaratdı. Həkimlər arasında xəstəliyin ağır keçirilməsinin bir səbəbi də böyük bir titr virus yükünün bədənə daxil olması idi.

-Azərbaycana xaricdən tibbi heyət gəlib. Bu, bizim səhiyyəmizin zəif olmasının etirafıdır? Sizcə, bu, doğru qərar idimi?

-Xaricdən Azərbaycana tibb mütəxəssislərinin gətirilməsi tam yanlış və xeyli müəmmalı addımdır. Bunun arxasında müəyyən korrupsiya və digər təmənnalı maraqlar dayanır. Bu haqda kifayət qədər şayiələr gəzir. Yəqin ki, bu şayiələr əsassız deyil. Məlumatlara görə, xaricdən gəlmiş həkimlərə böyük məbləğdə əməkhaqqı yazılır. Yəni, dünya standartları səviyyəsində. Amma həmin həkimlərin onu alıb-almaması sual altındadır. Məlumatlara görə, bir həkimin əvəzinə 5 nəfər yazırlar. Belə şeylər ola bilər. “Perepiska”lar ola bilər. Əlbəttə ki, bu, Azərbaycandakı həkimlərin fəaliyyətinə böyük hörmətsizlikdir. Öz həkimlərimizə maaş vermirik, xaricdən həkim gətirib onlara böyük miqdarda maaş yazırıq. Bütün bunların hamısı onu göstərir ki, pandemiyanın özündən yararlanmaq, varlanmaq, bu məsələdən də təmənnalı maraqlar güdmək üçün kifayət qədər ciddi iş gedir. Bu, çox təəssüfdoğurucu bir faktdır. Bunu gözlətmək mümkün olmayacaq. Gec-tez bu məsələlər çılpaqlığı ilə üzə çıxacaq.

-Artıq xəstəlikdən qurtulmuş bir çox dünya ölkələri virusun ikinci dalğasına hazırlaşırlar. Amma Azərbaycan hələ də birinci dalğa ilə mübarizə aparır. Sizcə, əgər ikinci dalğa başlayarsa, dünyada və hələ birinci dalğa ilə mübarizə aparan Azərbaycanda vəziyyət necə olacaq?

-Azərbaycanda xəstəliyin birinci dalğası təəssüflər olsun ki, bitməyib. Azərbaycanın spesifikləyi də ondan ibarətdir. Çünki dediyim kimi, bizdə karantin qaydaları düzgün idarə oluna bilmədi. Karantindən faydalanmağı düşündülər, nəinki karantini idarə etməyi. Bu səbəbdən biz hələ birinci dalğanı yaşayırıq. Çünki birinci dalğa sönmədi, infeksiya başladı, böyük miqdar yoluxma potensialı yarandı. Bu gün də biz hələ bunun nəticələrini yaşayırıq. İkinci dalğanın Azərbaycanda necə olacağını indidən demək çətindir. Nəzərə alsaq ki, payızda yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəlikləri də bu xəstəliyə qoşulacaq, vəziyyətin xeyli dramatik olması gözlənilir. Hesab edirəm ki, çox diqqətli olmaq lazımdır. Bu dövrdə bu cür xəstələri COVID-li xəstələrdən ayırmaq və bunları vaxtında müalicə etmək üçün fəaliyyət imkanları səfərbər olmalıdır.

-Operativ Qərargahın son qərarına görə, SM- icazələr ləğv edildi, çimərliklər açıldı. Rayonlara gediş-gəlişə isə hələ də icazə verilmir. Sizcə, bu düzgün qərar idimi? Bu yay insanlar təbiətdə istirahət edə bilmədilər, rayonlara gedə bilmədilər. Bunun insan immuniteti üçün qarşıdakı aylarda fəsadları olmayacaqmı?

-Operativ Qərəgahın son qərarı yarımçıq qərar idi. Eyni zamanda yanlış idi. “Evdə qal” karantin rejimi ləğv olundu, amma sosial həyatın bütün sferaları donmuş vəziyyətdə qaldı. Yalnız çimərliklərə icazə verildi. Amma o da var ki, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə icazə verilmirsə, kasıb insanlar çimərliklərə necə gedəcək. Görünür ki, bütün qərarlar dərin düşünülməyib. Və yaxud da hansısa məqsədlərlə verilən qərarlardır. Məsələ bundadır ki, hər bir fəaliyyət nəticəsinə görə mühakimə olunur. O baxımdan verilən qərarları yarımçıq və çox əhəmiyyətsiz hesab edirəm. Əhalini 5 ay evdə, karantində saxlamaq səriştəsizliyin və bacarıqsızlığın nəticəsidir. Bu işi Azərbaycanda qura bilmədilər. Dediyim kimi, Gürcüstanla müqayisə aparsaq, bunu görə bilərik.

O ki qaldı rayonlara getməyə, yollar açılmalı idi. Əsas diqqət karantin davranışlarına yönəlməli idi. İnsanların qapalı mühitdə - marketlərdə, Mall-larda, ictimai nəqliyyatda, metroda davaranışları ilə bağlı bağlı sərt qərarlar olmalı idi. Rayonlara yollar da açılmalı idi və bütün sahələr də fəaaliyyət göstərməli idi. Əslində ən düzgün və optimal yol bu idi. Biz Müstəqil Həkimlər Qrupu bu məsələlərlə bağlı Operativ Qərargaha xeyli təkliflər vermişik. Təəssüflər olsun ki, həmin təkliflərə əhəmiyyət vermədilər.

-Vəziyyətin içərisində olan, doğruları və yanlışları görən bir həkim kimi, bir vətəndaş kimi siz nə təklif edərdiniz? Xəstəliyin qarşısını almaq üçün bundan sonra hansı addımlar atılmalıdır?

-Bütün təcrübə göstərir ki, dünyada insanlar miqrasiya durumundadırlar. Dünyanı indiki dövrdə dondurmaq olmaz. İkinci dalğanı yaradan bu səbəblərdir. Ona görə də karantin davranışları- sosial məsafəni gözləmək, maska taxmaq, gigiyena qaydalarına əməl etmək sərt karantin rejiminin özündən də vacibdir. O baxımdan sosial həyatın bütün sahələrinin işlədiyi halda da bu virusla mübarizə aparmaq olar, birgə yaşamaq da. Təəssüflər olsun ki, Operativ Qərargah vaxtında buna əməl edə bilmədi. Faydalı yollardan, dünya pandemiya təcrübəsindən yararlana bilmədi. Görünür, başqa maraqları var. Amma qonşu Gürcüstan düzgün idarə etdi və daha yaxşı nəticə əldə etdi. Azərbaycanda bu gün itkilərin, xəstəliyə yoluxma sayının çox olması onu göstərir ki, təəssüflər olsun ki, bu iş bizdə düzgün qurula bilmədi. Amma heç olmasa bundan sonra bu işlər mərhələ-mərhələ yumşaldılmalıdır, xaricdən həkim gətirilməsi dayandırılmalıdır, yerli həkimlərə üstünlük verilməlidir. Xəstəliklə mübarizədə həyatını itirən həkimlərlə bağlı təəssüflər olsun ki, heç bir iş görülmədi. Onların sosial müdafiəsi, kompensasiya, digər məsələlərlə bağlı dövlət qərarları verilmir. Bir sözlə,  bu sahədə görülməli olan xeyli iş hələ qalır.

Facebook