Azərbaycanda daha bir sayt bloklandı

Sayt rəhbəri iddia edir ki, bir əsgərin faciəsi ilə bağlı materialın dərcindən sonra sayt Azərbaycan ərazisində bloklanıb.

“Rəhbərlik etdiyim criminal.az saytı (eyniadlı domen ünvanında yerləşir) bu il iyunun 16-dan səhər saat 10.00 radələrindən sorğulara cavab vermir. Faktiki, Azərbaycan ərazisində bloklanmış vəziyyətdədir”.

“GÖSTƏRİŞ OLMAYIB”

Bunu Criminal.az saytının rəhbəri, jurnalist Anar Məmmədov deyir. Onun sözlərinə görə, saytın fəaliyyətinin ölkə ərazisində dayanmasıyla bağlı uyğun texniki-profilaktiki baxış keçirilib. Bəlli olub ki, criminal.az domen ünvanında yerləşən veb-resurs kənardan müdaxilə nəticəsində Azərbaycan ərazisində internet istifadəçiləri üçün qapalı vəziyyətə düşüb:

“Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdim. Bildirildi ki, onlara hər hansı göstəriş olmayıb və bloklanma həyata keçirilməyib. Nazirlikdən Delta Telekom-la əlaqə saxlanılması məsləhət görüldü. Delta Telekom-dan isə sorğumuza cavab olaraq bildirildi ki, bu barədə məlumatları yoxdur. Araşdırmaqsa imkanları xaricindədir”.

Anar Məmmədovun sözlərinə görə, sayt yalnız proxy proqramı ilə açılır və bir də ölkə xaricindən daxil olmaq mümkündür.

ƏSGƏR ÖLÜMÜYLƏ BAĞLI YAZI

A. Məmmədov deyir, saytın bloklanmasına səbəb ola biləcək yazı dərc olunub:

“İyunun 15-də saytda “Bakıya əsgər cənazəsi gəldi, bir ailənin yeganə övladı və son üzvü öldürüldü” başlıqlı yazı dərc olunmuşdu. Yazıya hərbi hissədə qətlə yetirilmiş bir əsgərin faciəsi ilə bağlı fotolar və video da əlavə olunmuşdu. Saytın bloklanmasına səbəb də bu materialı görürəm. Bundan əvvəl saytımızda bloklanmaya səbəb ola biləcək başqa yazı olmayıb”.

Rabitə və İnformasiya Nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, qurum criminal.az saytının bloklanmasından xəbərsizdir. Delta Telekom-dan isə, hələlik, AzadlıqRadiosu-nun sorğusuna cavab verilməyib.

Saytın fəaliyyəti bərpa olunmasa, Anar Məmmədov məsələni məhkəmə müstəvisinə çıxaracağını deyir.