Azərbaycanda ali məktəblərin tədris proqramlarının standartları dəyişdirilməlidir - Aİ rəsmisi

Azərbaycanda ali məktəblərin tədris proqramlarının standartları dəyişdirilməlidir - Aİ rəsmisi

"Azərbaycanda ali məktəblərin tədris proqramlarına dair dövlət standartları barədə qanunlara dəyişiklik edilməlidir".
 
"Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycanda ali təhsilin dəstəklənməsi ilə bağlı tvininq layihəsinin əlaqələndirici rezidenti Elizabet Bidanova təqdimat zamanı bildirib.
 
"Layihəmizin məqsədi Azərbaycanda ali təhsili dəstəkləmək və gələcəkdə səviyyəsini yüksəltməkdir. Azərbaycanda ali təhsilin Avropa səviyyəsinə çatacağına və onun bir hissəsinə çevriləcəyinə arxayın olmaq istəyirik. Planlarımızda həmçinin burada səriştəni və tələbəni əsas götürən təhsili tətbiq etmək də var. Bunun üçün müxtəlif seminarlar, təlimlər, ustad dərsləri keçiririk”, - deyə o qeyd edib 
 
Rezident ali təhsilə dair qanunları dəyişdirməyin zəruri olduğunu da vurğulayıb: "Bu, daha çox tədris proqramlarına dair dövlət standartlarına aiddir. Biz səriştəni və tələbəni əsas götürən yanaşmaya uyğunlaşdırılacaq 15 öncül bakalavr proqramı seçmişik”.
 
E.Bidanova Azərbaycanda xarici diplomların tanınması məsələsinin da tələbələri narahat edən mühüm məsələ olduğunu deyib: "Bu gün Azərbaycanda xarici diplomun yerli tədris proqramına və qanunlarına uyğunlaşdırılmasını nəzərdə tutan nostrafikasiya prosesi tətbiq olunur. Avropada isə bu məsələyə daha çevik yanaşma var. Buna görə də nostrafikasiya və xarici diplomların tanınma sisteminin islahatı da proqramımızda əksini tapıb”.
 
Hökumətlə Avropa İttifaqı arasında müvafiq saziş çərçivəsində 2018-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək (24 ay ərzində) həyata keçirilən sözügedən tvininq layihəsinin dəyəri 1,2 milyon avrodur.

Facebook