Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair sənəd imzalanıb

Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən iki ölkənin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib, eləcə də, 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də, “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokollar imzalanıb.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır.

Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.