Azərbaycan və Qətər arasında yeni sazişlər imzalanacaq

"Bu il fevralın 20-də Qətərdə keçiriləcək ikitərəfli iqtisadi, ticari və texniki məsələlər üzrə Azərbaycan-Qətər Hökumətlərarası Komissiyasının iclası keçiriləcək. Qarşıdakı iclasda bir sıra mühüm sazişlərin imzalanması gözlənilir ki, bu da mövcud ikitərəfli iqtisadi, strateji və siyasi əlaqələri möhkəmləndirəcək".

 

Bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov deyib.

 

Qətərdəki azərbaycanlı icma haqqında danışan diplomat bildirib ki, icma ölçücə kiçik, təxminən, 350 nəfər olmasına baxmayaraq, o, ölkənin müxtəlif idman və mədəni tədbirlərində iştirak etməklə enerjili və aktiv həyat yaşayır. Səfir əlavə edib ki, Qətər dostsevər və təhlükəsiz ölkə olduğundan azərbaycanlılar onu ziyarət etmək istəyirlər.

 

Ticarət əlaqələrinə toxunan R.İsmayılov siyasi əməkdaşlığın yüksək səviyyəsindən fərqli olaraq, iki ölkə arasında ticarət dövriyyəsi həcminin az olduğunu vurğulayıb.

 

"Son iki il ərzində Azərbaycanla Qətər arasında ticarət dövriyyəsi 8 milyon dollar təşkil edib. Hərçənd ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var", - səfir söyləyib. O, Azərbaycanın Qətərə əsasən qida və kənd təsərrüfatı məhsulları ixrac etdiyini diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, hər iki ölkə bir sıra sahələrdə - energetika, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə malikdir. Diplomat müvafiq şərait və bazanın olduğunu qeyd edərək, qətərli iş adamlarını Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymağa çağırıb.

 

Səfir xatırladıb ki, Azərbaycan və Qətərin investisiyaların müdafiəsi, turizm, təhsil, informasiya, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və s. sahələrdə 32 saziş imzaladıqlarını xatırladıb: "Bundan əlavə, hazırda üzərində çalışdığımız bir neçə saziş layihəsi də var". (report.az)